AZ

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

Bakı, 17 aprel, AZƏRTAC

Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə “Əqli mülkiyyət aylığı” çərçivəsində “Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinin prinsipləri, təşkili və həyata keçirilməsi” mövzusunda tədbir keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən İdarə Heyətinin sədri Kamran İmanov 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət Gününün hər il ölkəmizdə böyük təntənə ilə qeyd edildiyini vurğulayıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin üzaqgörənliyi nəticəsində yaradılan milli əqli mülkiyyət sistemi Prezident İlham Əliyevin dəstəyi nəticəsində uğurla inkişaf edir.

K.İmanov kollektiv idarəetmə təşkilatlarının müəllif-hüquq sahəsinin subyektləri olduğunu bildirərək deyib ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinin müddəalarına uyğun olaraq, müəlliflər və əlaqəli hüquq sahibləri özlərinin əmlak hüquqlarını fərdi qaydada həyata keçirə bilmədikdə onların əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Kollektiv idarəetmə sisteminin mahiyyəti və məntiqi hüquq sahiblərinin və istifadəçilərin maraqlarının ortaq məxrəcə gətirilməsi prinsipini irəli sürür.

Agentliyin rəhbəri onu da bildirib ki, qarşımızda “hüquqların hansı idarəetmə sistemi – individual, fərdi, yoxsa kollektiv idarəetmə sistemi daha əlverişlidir?” sualı dayanarsa, cavab birmənalıdır: mümkün olduğu halda fərdi idarəetmə daha əlverişlidir, daha üstündür, çünki bu cür idarəetmə müəlliflərin (hüquq sahiblərinin) iradəsinə əsaslanır.

Maraqlısı odur ki, müasir dünyada texnologiyalar – rəqəmli şəbəkələr, müxtəlif rəqəmli platformalar və qurğular istifadəçilərin həyat tərzini dəyişdirib, tarazlığı pozmaqla onlara üstünlüklər, yeni alətlər təqdim edib. Lakin bununla yanaşı, hüquq sahiblərinə fərdi qaydada öz hüquqlarını idarə etməyə şərait yaradıb.

Azərbaycanda əmlak hüquqlarının kollektiv idarə edilməsi normativ-hüquqi aktlara əsaslanır və könüllü xarakter daşıyır. Müəyyən bir sahədə yeganə təşkilat kollektiv idarəetməni təşkil edərək, yalnız ona hüquqlarının təmsilçiliyini həvalə edən hüquq sahiblərinin hüquqlarını idarə edir. İstisnalar isə müəllif hüquq qanunvericiliyinin 17-ci maddənin 3-cü hissəsində və 37-ci maddəsində göstərilən “private-copy” (şəxsi məqsədlər üçün surətçıxarma) və dərc edilmiş fonoqramlarla bağlı müvafiq olaraq, qanuni lisenziyalar əsasında həyata keçirilir.

K.İmanovun fikrincə, bu cür kollektiv idarəetmə cəmiyyətlərinin alternativi “agent növlü” kollektiv idarəetmə təşkilatlarıdır. Əgər “genişləndirilmiş kollektiv idarəetmə” əsərlərdən istifadənin müəyyən sahəsində fəaliyyətin inhisar (monopol) xarakterini və məhdud sayda cəmiyyətləri nəzərdə tutursa, “agent növü” eyni sahədə çoxlu sayda müəllif-hüquq cəmiyyətlərinə əsaslanır ki, bunların hər biri məhdud dairədə hüquq sahiblərinin, hətta bir neçə hüquq sahibinin maraqlarını təmsil edərək fəaliyyət göstərə bilər.

Azərbaycan qanunvericiliyinin “genişləndirilmiş kollektiv idarəetmə” ilə bağlı müəyyən etdiyi məhdudiyyət onunla bağlıdır ki, belə ictimai birlik ancaq ona bu səlahiyyəti vermiş hüquq sahiblərinin maraqlarını təmsil edə bilər. Bununla yanaşı, Qanunun mövcud normasına (43-cü maddə) uyğun olaraq, kollektiv idarəetmə təşkilatına belə hüququ verməmiş hüquq sahibinin ona çatası qonorarı tələb etmək (şərik əsərlər üçün, yaxud bütöv proqrama görə hesablanmış qonorar), həmçinin öz əsərlərinin həmin təşkilatın repertuarından çıxarılmasını tələb etmək ixtiyarı var.

Ölkə qanunvericiliyində nəzərdə tutulan normaya və beynəlxalq təşkilatların qəbul etdiyi təsnifata uyğun olaraq, “məhdud genişləndirilmiş kollektiv idarəetmə” özlüyündə onlara münasibətdə kollektiv idarəetmənin həyata keçirildiyi şəxslərin sayının məhdudlaşdırılmasıdır.

Azərbaycan qanunvericiliyi kollektiv idarəetmə təşkilatlarının yaranmasını ictimai birliklər kimi müəyyən edir, qeydiyyatını Ədliyyə Nazirliyinə həvalə və bununla yanaşı, Əqli Mülkiyyət Agentliyində akkreditasiyanın keçməsini zəruri təsbit edir. Akkreditasiya qaydalarına aid hökumətin xüsusi qərarı qüvvədədir.

Azərbaycanda 4 (dörd) kollektiv idarəetmə təşkilatı fəaliyyətdədir: “Azərbaycan Professional Kinorejissorlar Gildiyası”, “Azərbaycan Müəllifləri” İctimai Birliyi, “Müəllif Hüquqları Uğrunda” və “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi.

Yarandıqları andan Əqli Mülkiyyət Agentliyi bu təşkilatlara hüquqi, təşkilati və intellektual yardım göstərib, fəaliyyət dövrlərində yaranan problemlərin həllində onları daim dəstəkləyib. Bu da təbiidir, çünki Agentlik əqli mülkiyyət, o cümlədən müəllif-hüquq sahəsində dövlət siyasətini həyata keçirən, sahənin tənzimlənməsinə və koordinasiyasına cavabdeh orqandır.

K.İmanov həmçinin vurğulayıb ki, hüquqların kollektiv idarə edilməsinin hansı istiqamətdə inkişafından asılı olmayaraq, bu gün fəaliyyətdə olan təşkilatların dayanıqlı və sağlam olması, nüfuzunun itirilməməsi məqsədilə mütəxəssislərin rəyinə əsasən, iki məqama xüsusi diqqət yetirilməsi tələb olunur:

Birincisi – kollektiv idarəetmə təşkilatlarında transparentliyin, açıqlığın təmin edilməsi;

İkincisi – bu təşkilatların fəaliyyətinə dövlət nəzarətinin düzgün qurulması.

Sonra Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri K.İmanov tədbirdə iştirak edən kollektiv idarəetmə təşkilatlarının nümayəndələrinin suallarını cavablandırıb.

Qeyd edək ki, Agentlik tərəfindən “Hüquqların kollektiv idarə edilməsi müasir mərhələdə”, “Rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüquqlarının idarə edilməsi”, “Formirovaniye uvajeniya k avtorskomu pravu: protivodeystviye piratstvu i kontrafaksii v tsifrovoy srede (Opıt Azerbaydjana)”, “Əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsinin bəzi nəzəri və praktik aspektləri haqqında” kitablar nəşr edilib. Maraqlananlar kitabları Agentlikdən pulsuz əldə edə və ya copat.gov.az saytında tanış ola bilərlər.

Seçilən
93
1
Mənbələr
Şərh ()
Bağla