AZ

BDU-nun Jurnalistika fakültəsində Mətbuat Şurasının otağının açılışı oldu – FOTOLAR/VİDEO

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Mətbuat Şurasının otağının açılışı olub.

Yenicag.az xəbər verir ki, açılış mərasimində BDU-nun rektoru, Jurnalistika fakültəsinin rəhbərliyi və Mətbuat Şurası İdarə heyətinin üzvləri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev Mətbuat Şurasının auditoriyasının açılmasının universitetin həyatında əlamətdar günlərdən biri olduğunu qeyd edib.

Rektor bildirib ki, Bakı Dövlət Universiteti jurnalistika məktəbinin formalaşdığı ən qədim, eyni zamanda ən böyük elm və təhsil ocaqlarından biridir. “Fəxr edirik ki, xüsusilə jurnalistika fakultəsinin məzunları bu gün mətbuatın həm klassik, həm də rəqəmsal sahələrində öz fəaliyyətlərini davam etdirirlər”, – deyə o əlavə edib.

E.Babayevin sözlərinə görə, tədris prosesində nəzəri-metodiki biliklərlə yanaşı təcrübənin gücləndərilməsinə xüsusi diqqət yetirilir:
“Xüsusilə media sahəsində olan qurumların filiallarının, yaxud dayaq nöqtələrinin universitetdə açılması və bilavasitə təcrübə prosesinin fakultənin özündə aparılması həm biliklərin möhkəmləndirilməsinə, həm də yeni vərdişlərin əldə edilməsinə kifayət qədər kömək edir. Bu mənada Mətbuat Şurası ilə çoxdan planlaşdırılan ideyanı reallaşdırırıq. Həm tələbə, həm də professor və müəllim heyətinin bundan kifayət qədər yararlanacağına əminik”.
Mətbuat Şurası İdarə heyətinin sədri Rəşad Məcid isə bu ideyanın jurnalistlərin praktiki yaradıcılığı baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb.

O deyib ki, bu gün BDU-nun yeni təmirdən çıxan korpusunun jurnalistika fakultəsinin binasında Mətbuat Şurasının auditoriyasının açılış mərasimidir. “Artıq tələbələrin iştirakı ilə Mətbuat Şurasının Şikayətlər Komissiyası burada tez-tez öz tədbirlərini keçirəcək. Bu, gələcək jurnalistlərin peşəkarlığı üçün böyük rol oynayır”, – R.Məcid bildirib.

Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu çıxışı zamanı Mətbuat Şurası otağının yaradılmasında bir neçə məqsədin olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, ilk olaraq məqsəd Jurnalistika fakültəsi ilə Mətbuat Şurası arasında əlaqələri genişləndirməkdir:

“İkincisi isə Mətbuat Şurasının üzvləri ilə fakültə və hətta universitet tələbələri arasında müntəzəm görüşlər təşkil olunmasıdır. Bunun üçün xüsusi məkanın olması məqsədəuyğundur.

Əlavə olaraq, Mətbuat Şurasının bəzi komissiyalarının iclaslarının fakültəmizdə təşkilinin tələbələr üçün maraqlı və əhəmiyyətli olacağını düşünürük. Çünki xüsusilə şikayətlər komissiyasının iclası birbaşa olaraq jurnalistika fakültəsində tədris olunan “KİV- in hüquqi tənzimlənməsi”, “Jurnalist etikası” fənləri ilə bağlıdır. Beləliklə, tələbələr nəzəriyyədə öyrəndiklərini inkişaf etdirmək imkanı qazana bilərlər”.

 

Nəsimi Ələsgərli
Samir Məcidov

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla