AZ

Azərbaycan-Serbiya: ikitərəfli və çoxtərəfli əməkdaşlıq

Prezident İlham Əliyev: "Azərbaycan və Serbiya qarşılıqlı surətdə həmişə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyiblər"

Azərbaycanın dünya dövlətləri ilə iqtisadi, mədəni, siyasi və digər sahələrdə münasibətlərinin sıxlaşması əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Serbiya arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib və strateji tərəfdaşlıq zəminində qurulmuş münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir. Dövlətlərarası münasibətlər iqtisadiyyat, enerji və digər sahələrdə yeni prespektivlərə yol açmışdır. Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi əlaqələrin davamlığına söykənir. Son dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumat verərək dost Azərbaycan xalqının dəstəyini xahiş edib. Prezident İlham Əliyev Azərbaycan və Serbiyanın qarşılıqlı surətdə həmişə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirərək bundan sonra da bu mövqenin davam etdiriləcəyini vurğulayıb. Bu xüsusda, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olunub.
Dövlətimizin başçısı Serbiya Prezidentini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına dəvət edib. Prezident Aleksandar Vuçiç dəvəti məmnuniyyətlə qəbul edib.

YÜKSƏK SƏVİYYƏLİ QARŞILIQLI SƏFƏRLƏR

Söhbət zamanı Azərbaycan və Serbiya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub və ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti bildirilib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri çərçivəsində dövlət başçıları bir sıra vacib məsələləri müzakirə ediblər. Bir sıra sənədlərin imzalanması əlaqələrin daha da genişlənməsinə yeni imkanlar açır. Belə ki, dövlət başçıları Birgə Bəyanat, strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Memorandumu imzalayıblar. Bu sənədlərin imzalanması əməkdaşlığın yeni müstəviyə qalxması deməkdir. Dövlətlərarası imzalanmış sənədlər ikitərəfli əlaqələrin hüquqi bazasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Biz sözün əsl mənasında strateji tərəfdaşıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri var. Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir".
2013-cü ildə Azərbaycan və Serbiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə, eləcə də 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı əhəmiyyət kəsb edir. Dövlətlərarası strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr ildən-ilə genişlənir. Əlbəttə ki, ikitərəfli əlaqələrin daha da geniş miqyas alması üçün potensial böyükdür.
Azərbaycan-Serbiya əlaqələri müasir dövrümüzdə uğurla inkişaf edir və bu əlaqələr bütün sahələri əhatə edir. Strateji tərəfdaşlıq zəminində qurulmuş münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir. Xatıradaq ki, Serbiya və Monteneqro İttifaqı ilə Azərbaycan Respublikası arasında ikitərəfli diplomatik münasibətlər 21 avqust 1997-ci ildə qurulub. 2011-ci il tarixində Azərbaycanın Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri olub. Səfər çərçivəsində Serbiyada Azərbaycan səfirliyi açılıb. Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda Serbiyanı dəstəkləyib və ölkələrimizdə səfirliklərin açılması da ikitərəfli əməkdaşlığa öz mühüm töhfələrini verir. İkitərəfli əlaqələrin daha da geniş miqyas alması üçün potensial böyükdür. Azərbaycan və Serbiyanın işgüzar dairələri arasında əlaqələrin, biznes sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin də xüsusi önəm kəsb edir.

SERBİYA-AZƏRBAYCAN DOSTLUĞUNUN TƏZAHÜRÜ

Onu da vurğulamaq yerinə düşər ki, parlamentlərarası əlaqələr də mövcuddur. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycan-Serbiya əlaqələrindən söz açarkən Azərbaycan və Serbiyanın şəhərlərində iki ölkənin xalqlarının görkəmli şəxsiyyətlərinin xatirəsinə ucaldılmış abidələri də qeyd etməliyik. Bu ölkədə Ulu Öndər Heydər Əliyevin və böyük bəstəkar Üzeyir Hacıbəylinin abidələri açılıb. 2013-cü il fevralın 8-də isə Bakının mərkəzində serb xalqının görkəmli alimi Nikola Teslanın abidəsinin açılışı olub. Abidənin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin söylədiyi kimi, artıq bu yer Serbiya-Azərbaycan dostluğu parkıdır. Serbiya və Azərbaycan xalqlarının görkəmli nümayəndələrinin şərəfinə həm Serbiyada, həm də Azərbaycanda ucaldılmış abidələr xalqlarımızı, ölkələrimizi daha da sıx birləşdirir. Bu əlamətdar hadisələr Serbiya-Azərbaycan dostluğunun təzahürüdür.
DÖVLƏTLƏRARASI TƏBİİ QAZ, ELEKTRİK ENERJİSİ İLƏ ƏLAQƏDAR ƏMƏKDAŞLIQ İMKANLARI

Azərbaycan və Serbiya arasında əməkdaşlıq ticarət, nəqliyyat-logistika, müdafiə sənayesi və energetika sektoru kimi sahələri əhatə edir. Əldə edilmiş razılıqlara əsasən isə, bu və digər sahədə əməkdaşlıqlar daha da genişləndiriləcəkdir. Müdafiə sənayesi sahəsi ölkələrimiz arasında perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Həm Serbiyanın, həm də Azərbaycanın bu sahədə müvafiq potensialı var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması gözlənilir. Hər iki ölkənin böyük potensiala malik olduğu sahələrdən biri də nəqliyyat-logistika sahəsidir. Məlum olduğu kimi, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir. Bu sahədə bağlantının yaradılması üçün hər iki ölkənin müvafiq qurumlarının gördükləri fəal işlər nəticəsində artıq lazimi təmaslar yaranmışdır.
Son vaxtlar Azərbaycan və Serbiya arasında energetika sektorunda əməkdaşlıq məsələsi daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan öz təbii resurslarını artıq Avropa qitəsi, o cümlədən Serbiyaya qonşu olan ölkələr də daxil müxtəlif istiqamətlər üzrə ixrac edir. Azərbaycan və Serbiya arasında həm təbii qaz, həm də elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar vardır.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Seçilən
83
50
Mənbələr
Şərh ()
Bağla