AZ

Düzlən! Farağat! Rusiyaya doğru addımla, marş! - Azərbaycan bunu da başardı









Zahid Nurəliyev



Bu günlər daha bir tarixi hadisənin şahidi oluruq: Rusiyanın sülhməramlı kontingeti Qarabağı tərk edir. Əslində dünən axşamdan media və sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılmışdı. Bununla belə, rəsmi açıqlama olmadığına görə çoxları bu xəbərə bir o qədər inanmır və ciddi yanaşmırdılar.

Amma artıq həm Rusiya, həm də Azərbaycan tərəfi rəsmən Rusiya sülhməramlılarının Qarabağı tərk etməyə başladıqlarını açıqladılar.



Əvvəlcə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sülhməramlıların Qarabağdan çıxması haqda suala təsdiqedici cavab verdi: "Bəli, bu, həqiqətən də belədir".




Daha sonra Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirdi ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib:

"Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər".

Beləliklə, rus sülhməramlıları Azərbaycanı vaxtından əvvəl tərk etməyə başlayıblar və bu prosesin yaxın aylarda yekunlaşacağı gözlənilir.

Doğrudan da tarixi hadisədir. Çünki rus qoşunlarının yerləşdikləri ərazilərdən çıxması heç zaman asan, qansız-qadasız baş verməyib. Ümumiyyətlə, onlar yerləşdikləri yeri heç vaxt tərk etmək istəmirlər. Elə günümüzdə buna dair misallar gətirə bilərik. Ukrayna və Dnestryanıda, işğal olunan Gürcüstan ərazilərində, Ermənistanda Rusiya hərbçiləri və hərbi bazalarının mövcudluğunu xatırlatmaq kifayətdir.




Gəlin, başqa bir məqamı da xatırlayaq. Daha doğrusu, 2020-ci il noyabrın 10-da Üçtərəfli saziş imzalananda Azərbaycanda yaşanan əhval-ruhiyyəni. İşğalçı üzərində möhtəşəm qələbə qazansaq da, sazişə əsasən, Rusiya hərbçilərinin Qarabağa daxil olması ciddi əndişə yaratmışdı. Hamı bu faktı qələbəmizə kölgə salan məsələ kimi qabardırdı. Hər kəs bir az pərt idi. Sazişdə konkret müddət göstərilsə də, açığı, çoxumuz vədə yetişəndə rusların yenidən təxribat törədib Qarabağda mövcudluğunu saxlayacağını düşünürdük. Amma məsələ gözləmədiyimiz halda, həm də vaxtından əvvəl həll olundu. Sakitliklə, mübahisəsiz, qansız-qadasız...

Ona görə də bu hadisəni tərəddüd etmədən son illərin tarixi qələbələrindən biri kimi dəyərləndirmək olar. O da maraqlıdır ki, müstəqilliyimiz dövründə Rusiya hərbi kontingenti ikinci dəfə ərazilərimizi tərk etmək məcburiyyətində qaldı. Ümid edək ki, bir daha rus hərbçilərin ayağı torpaqlarımıza dəyməyəcək və bizim onları üçüncü dəfə ölkədən çıxarmaq qayğımız olmayacaq! Qələbən mübarək, Azərbaycan!


Seçilən
33
Mənbələr
Şərh ()
Bağla