AZ

"Jurnalistlər elə əmək haqqı ala bilməlidir ki, özlərinin sosial problemlərini həll edə bilsinlər" - Azər Həsrət

Azərbaycanda jurnalistlərin maddi imkanı ürəkaçan deyil. Bir müddət bəzi jurnalistlərə ev verilsə də, jurnalistlərin özlərinə ev alacaq qədər əmək haqqı qazanması gərəkdiyini bildirənlər də var.
Mövzu ilə bağlı BiG.AZ-a danışan media eksperti Azər Həsrət bildirib ki, media subyektləri ilə təmin etməlidir. Jurnalistlər elə əmək haqqı ala bilməlidir ki, özlərinin sosial problemlərini həll edə bilsinlər:
"Gənc jurnalistlərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi vacibdir. Bu, hər şeydən öncə media subyektlərinin işlətdikləri jurnalistləri uyğun əmək haqqı ilə təmin etməsindən başlamalıdır. Yəni jurnalistlər elə əmək haqqı ala bilməlidir ki, özlərinin sosial problemlərini həll edə bilsinlər. Amma təəssüf ki, Azərbaycan şəraitində media subyektlərinin heç də hamısında bu şərait yoxdur. Ona görə də jurnalistlər ciddi problemlərlə üzləşirlər. Jurnalistlərin dövlət tərəfindən mənzillə təmin edilməsi isə dayandırılıb. Bununla bağlı addımlar atılmışdı. 2 bina tikildi, qarşılıqsız olaraq təqdim edildi. Sağlıqla yaşasınlar! Bizim 400-dən çox jurnalistimiz həmin mənzillərdə yaşayır. İndi də o məsələ ilə bağlı müəyyən müzakirələr getsə də, belə anlaşılır ki, dövlət bu məsələdə bundan sonra hər hansı addım ata bilməyəcək. Yenə də ümid qalır özümüzə, media rəhbərlərinə,media problemləri ilə məşğul olan qurumlara. Necə çıxış yolu tapmaq olar? Əlbəttə ki, keyfiyyət dəyişikliyi ilə. Jurnalist adına iddia edənlərin deyil, doğrudan da keyfiyyətli jurnalistika ilə məşğul olanların sosial problemlərinin həlli üçün alternativlər üzərində düşünmək olar. Məsələn, dövlət güzəştli şərtlərlə torpaq ayıra bilər, ortaq bina tikdirə bilər, o bina bazar qiymətlərindən aşağı qiymətlə jurnalistlərə təklif oluna bilər . Yeri gəlmişkən, bu təklifi illər öncə də vermişdik. Variantlar var, sadəcə jurnalistikanın önündə gedən qurumların bir araya gəlib bunları müzakirə etməsi vacibdir".


BiG.Az
Seçilən
35
Mənbələr
Şərh ()
Bağla