AZ

“Barselona” FIFA Klub Dünya Kubokunda iştirak imkanını itirdi

Çempionlar Liqasının 1/4 finalında evdə PSJ-yə qarşı cavab oyunu “Barselona” üçün xoşagəlməz sonluqla başa çatıb.

Arena.az məlumat verir ki, ilk oyunda Parisdə 3:2 hesabı ilə qələbə qazanmış İspaniya çempionu evdə 1:4 hesabı ilə məğlub olub.

Nəticədə sözügedən komanda UEFA Çempionlar Liqasındakı mübarizəsinə xitam verib.

Bununla yanaşı Kataloniya nəhəngi 2025-ci ildə keçiriləcək FIFA Klub Dünya Kubokunda iştirak imkanından məhrum olub. Belə ki, Fransa nəhəngi ilə oyunun nəticəsi Xavinin yetirmələrinə Dieqo Simeonenin Dortmund “Borussiya”sına məğlub olmuş (evdə 2:1, səfərdə: 2:4) Madrid “Atletiko”sunu reytinq balları hesabında üstələməyə imkan verməyib. Nəticədə “Barselona” bu mötəbər yarışdan kənarda qalıb. 2025-ci il FIFA Klub Dünya Kubokunda iştirak üçün “Barsa” “döşəkçilər”in uğursuzluğu mənzərəsində PSJ-ni keçib Çempiolar Liqasının yarımfinalına çıxmalı idi.

Xatırladaq ki, 2025-ci il FIFA Klub Dünya Kuboku 2025-ci il iyunun 15-dən iyulun 13-dək Amerika Birləşmiş Ştatlarında keçiriləcək. İspaniya La Liqasından “Real” və Madrid “Atletiko”su, İngiltərə Premyer Liqasından “Mançester Siti” və “Çelsi”, Almaniya Bundesliqasından “Bayern” və Dortmund “Borussiya”sı, İtaliya A Seriyasından “İnter” və “Yuventus”, Fransa Liqa 1-dən PSJ və həmçinin Portuqaliya Premyer Liqasının nəhəngləri “Benfika” və “Portu” 2025-ci il FIFA Klub Dünya Kubokunda iştiraklarını təmin ediblər.

Seçilən
76
39
Mənbələr
Şərh ()
Bağla