AZ

"Rusiyanın Ukraynada məğlubiyyəti qaçılmazdır"  - Çin analitikinin proqnozu

 
"Rusiyanın imperiya ambisiyaları keçmiş SSRİ respublikalarını özündən uzaq salıb, o, dünyadan təcrid edilib, daxili risklərlə üzləşib..."
 
Rusiya və Mərkəzi Asiya ölkələri üzrə ixtisaslaşan Çin tədqiqatçısı Fen Yuytszyun Kremlin Ukraynada məğlubiyyətinin qaçılmaz olduğuğu proqnozlaşdırır. 
 
Moderator.az xəbər verir ki, bu barədə o, "The Economist" jurnalında dərc edilən məqaləsində yazıb.
 
Fen Yuytszyun güman edir ki, Kreml zamanla Krım da daxil olmaqla Ukraynanın bütün işğal edilən ərazilərindən çəkilməyə məcbur olacaq. Rusiyanın nüvə silahına malik olması buna mane olmayacaq.
 
"Bəyəm nüvə silahına malik olan ABŞ Koreya, Vyetnam və Əfqanıstandan geri çəkilməyib?" - tədqiqatçı ritorik sual edib.
 
Analitil bu nəticəyə gəlməsini bilavasitə döyüş əməliyyatlarına təsir edən dörd amillə izah edir.
 
Birinci amil ukraynalılar tərəfindən nümayiş etdirilən milli birlik və müqavimət dərəcəsidir.
 
İkinci amil beynəlxalq dəstəyin əvvəlkitək geniş olaraq qalmasıdır, hərçənd, bu dəstək son zamanlar Ukraynanın gözləntilərini doğrultmayıb.
 
Üçüncü amil müasir müharibənin sənaye gücünün komandanlıq, rabitə və kəşfiyyatın uzlaşdırılmasını özündə ehtiva edən təbiətidir. Çin tədqiqatçısının fikrincə, Rusiya "SSRİ-nin dağılması nəticəsində "dramatik deindustrializasiya"dan hələ də özünə gəlməyib.
 
Dördüncü amil informasiyadır. "İş qərar qəbuluna gedib çatanda Vladimir Putin uzun zaman hakimiyyətdə olduğundan informasiya tələsinə düşür. Rusiya prezidenti və onun komandasının dəqiq kəşfiyyat məlumatlarına çıxışı olmur. Onların idarə etdiyi sistemdə səhvlərin düzəldilməsinin səmərəli mexanizmi yoxdur. Ukraynalı həmkarlar daha çevik və daha effektlidir", - analitik qeyd edir.
 
Bütün sadalananlardan başqa, Rusiya bir sıra digər problemlərlə üzləşir. Bu, beynəlxalq təcrid, ölkəni keçmiş SSRİ respublikalarından uzaq salan imperiya ambisiyaları və daxili risklərdir.
 
Sonuncuya nümunə kimi Çin tədqiqatçısı Yevgeni Priqojinin üsyanını misal çəkir. Bu üsyan sübut edir ki, Rusiyada siyasi risklər yüksəkdir. Bu yaxınlarda yenidən seçilməsinə rəğmən, Vladimir Putin gözlənilməz nəticələrlə üzləşə bilər.
 
Bu arada isə Avropa ölkələri Rusiyadan gələn təhlükələri anlayıb. Avropa İttifaqı dövlətləri artıq Moskvanın niyyətləri ilə bağlı xülyalardan əl çəkib.
 
Ukraynada müharibə NATO-nu Fransa prezidentinin adlandırdığı "beyin ölümü" vəziyyətindən çıxarıb. Alyans ölkələri müdafiə xərclərini artırır və NATO-nun şərq cinahını möhkəmləndirir.
 
Bundan başqa, Finlandiya və İsveçin bloka daxil olması Rusiyanın Alyansın genişləndirilməsinin qarşısını almaq iqtidarında olmadığını sübut edib.
 
Moskva Çinə bel bağlaya bilməz. Tədqiqatçının fikrincə, Pekin Rusiya ilə münasibətlərində "bloklara qoşulmamaq və üçüncü ölkələrə qarşı yönəlməyən qarşıdurma və əməkdaşlıq" kimi ənənəvi siyasətinə dönüb.
 
Çinin Rusiya əleyhinə sanksiyalara qoşulmamasına rəğmən, o, "bu sanksiyaları müntəzəm olaraq pozmur". Hər şeydən göründüyü kimi, analitik onu nəzərdə tutur ki, Pekin Moskva ilə ABŞ-ın "acığına" deyil, yalnız bundan fayda əldə edəndə əməkdaşlıq edir.
 
"2023-cü ildə Çinin Rusiyadan 100 milyon tondan artıq neft idxal etdiyi həqiqətdir, lakin bu, müharibədən öncə il ərzində satın aldığından o qədər də çox deyil. Əgər Çin Rusiya neftini əldə etməyi dayandırarsa, bunun əvəzinə başqa yerlərdən əldə edərsə, bu, dünyada "qara qızıl"ın qiymətinin artmasına gətirib çıxaracaq və dünya iqtisadiyyatına böyük təsir göstərəcək", - analitik yazıb.
 
Həm də Moskva ilə Pekinin dünya problemlərinin həllinə yanaşması müxtəlifdir. "Rusiya müharibə yolu ilə mövcud beynəlxalq və regional düzəni sarsıtmağa can atır, Çin isə mübahisələri dinc yolla həll etmək niyyətindədir", - analitik hesab edir.
 
O, BMT Təhlükəsizlik Şurasının mümkün islah edilməsini proqnozlaşdırır. Bu orqan "bəzi daimi üzvlər tərəfindən veto hüququndan sui-istifadə edilməsi" səbəbindən sülhün qorunub saxlanılması üzrə öz öhdəliklərini icra edə bilmir.
 
Onun fikrincə, dünya birliyinin bir çox nümayəndələri bunu anlayır. Analitik BMT Təhlükəsizlik Şurasının tərkibinin Almaniya, Yaponiya və Hindistanın hesabına genişləndirilməsini və veto hüququndan imtina edilməsini proqnozlaşdırır.
 
Rusiya-Ukrayna münaqişəsinə dönərək analitik qeyd edir ki, Moskvanın davam edən hücumları səbəbindən Koreya variantına uyğun barışığa inanmır. 
 
"Rusiyanın siyasi sistemində əsaslı dəyişikliklərin olmadığı zaman münaqişə yalnız dondurula bilər. Bu, Kremlə fasilədən sonra dünyanı daha böyük təhlükəyə məruz qoyacaq yeni müharibələr törətməkdə davam etməyə imkan verəcək", - Çin tədqiqatçısı hesab edir.
 
Fen Yuytszyunun fikirləri Kreml təbliğatçılarının o qədər də xoşuna gəlməyib. Belə ki, Rusiya çinşünası Nikolay Vavilov Kremlyönlü "Forum Faily" nəşrinə müsahibəsində Çin professorunu "qonorara görə istənilən cəfəngiyyatı uyduran məzlum" adlandırıb.
 
Maraqlıdır ki, Fen Yuytszyun Rusiya prezidenti yanında beynəlxalq işlər üzrə Şuranın ekspertidir.
Seçilən
42
Mənbələr
Şərh ()
Bağla