AZ

Dünyanın xilası: yaşıl rəng və yaşıl enerji

Bu gün qlobal problemlər məngənəsində sıxılan dünyanın xilası yalnız yaşıl rəng və bu rəngdə olan enerjidədir. Çünki dünya binə olandan yaşıl rəng onunla birgə yaranıb. Təbiətdə yaranan irili-xırdalı problemlərin qarşısına çıxıb, varlığı ilə onları həll etməyə çalışıb. Yaşıl rəng təbii prosesdir. Ona görə də təbiəti qoruya bilir, onu mühafizə etmək qabiliyyətinə malidir. İnsan əlləri ilə ilbəil zərbələr alan təbiət elə insan əlləri ilə də ona yaşıl rəngi qaytarmaqla, eləcə də bu rəngdə enerji istehsalına üstünlük verməklə dünyanı xilas edə bilər.

Azərbaycan iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə verən ölkədir

Azərbaycan nadir təbiətin, ümumilikdə ətraf mühitin qorunmasına həssaslıqla yanaşan ölkələr sırasındadır. 2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 25 dekabr 2023-cü il tarixli Sərəncamı bunu təsdiqləyən amildir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Təsadüfi deyil ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.

Digər tərəfdən isə müvafiq Sərəncamda da deyildiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Həyatımızı qoruyan yaşıl rəng

Yaşıl rəngin məskəni olan dövlət təbiət qoruqları səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətində qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədilə yaradılan təbiət mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir. Dövlət təbiət qoruqlarının torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır. Çünki xüsusi mühafizə olunan təbiət əraziləri sayı azalmaqda və nəsli tükənməkdə olan bitki və heyvan növlərini qorumağa hesablanıb. Qoruqların torpaq sahəsi də, ərazidəki su mənbələri də bu amilə xidmət edir.

Azərbaycanda ilk qoruq olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildə yaradılmışdır. 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları və 1936-cı ildə Hirkan qoruğu təsis edilmişdir. Beləliklə, 1958-ci ilə qədər ölkədə 4 qoruq fəaliyyət göstərmişdir.

1958-ci ildən başlayaraq 1990-cı ilə kimi qoruqların yaradılması prosesi davam etdirilmiş və yeni qoruqlar təşkil olunmuşdur. 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında Şahbuz, 2004-cü ildə isə Eldar şamı, 2007-ci ildə Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu, 2008-ci ildə isə Korçay Dövlət Təbiət Qoruğunun əsası qoyulmuşdur. Eyni zamanda 2003-cü ildə Türyançay, Pirqulu, İlisu, Qarayazı, İsmayıllı, 2008-ci ildə isə Zaqatala Dövlət Təbiət Qoruğunun əraziləri 2-3 dəfədən çox genişləndirilmişdir.

Bütün bunlarla yanaşı, aid qurumlar tərəfindən yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlər davam etdirilir, digər tərəfdən mövcud olanların əraziləri genişləndirilir.

Milli parklar-estetik zövqün ünvanı...

Məlumata əsasən Azərbaycanda hazırda ölkə ərazisinin 4,87 % təşkil edən 10 milli park fəaliyyət göstərir. Milli parklar - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir.

Azərbaycan Respublikasında milli parkların yaradılması ilə bağlı ilk təşəbbüs Akademik Həsən Əliyev tərəfindən irəli sürülmüşdür. Ölkəmizdə ilk milli parklar 2003-cü ildə yaradılmışdır. Daha sonrakı dövrdə bu ənənə davam etdirilmiş və son olaraq, 2018-ci ilin sentyabrında Xəzər dənizinin sahilində 99 060 hektarlıq ərazidə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yeni milli park - Qızılağac Milli Parkı yaradılmışdır.

Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10 milli park, 10 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 %, ayrılıqda milli parklar ölkə ərazisinin 4,87 %, dövlət təbiət qoruqları 1,39 %, dövlət təbiət yasaqlıqları isə 4.05 %-ni təşkil edir.

Azad torpaqlar: dövlət təbiət qoruqları və yasaqlıqlar

Məlum olduğu kimi ermənilər 30 il ərzində Qarabağda və Şərqi Zəngəzurun işğal edilmiş ərazilərində vəhşi terror aktları həyata keçiriblər. Soydaşlarımız kimi, həmin ərazilərdə yerləşən tarixi-mədəniyyət abidələri, yaşayış binaları, sosial obyektlər, eləcə də təbii resurslarımız da həmin terrorun qurbanına çevrilib. Beləliklə yüz minlərlə hektar sahədə təbii sərvətlərimiz məhv edilib.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə 24 saatlıq antiterror tərdbirləri torpaqlarımızın bütövlükdə azadlığı, suverenliyi, ərazi böyüvlüyümüzün bərpası ilə nəticələndi. Torpaqlarımız, soydaşlarımız kimi, gözəl təbiətimiz, təbii resurslarımız da xilas edildi. Və əminik ki, onların bərpası da həmin torpaqlarda yaşayışın bərpası kimi uğurla həyata keçiriləcək. Bu barədə dövlətimizin başçısı deyib: “Azad edilmiş torpaqlarda, eyni zamanda, dövlət təbiət qoruqları və yasaqlıqlar olub. Mən bu məlumatı da Azərbaycan xalqına çatdırmaq istəyirəm. Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu 1987-ci ildə yaradılıb, 240 hektar sahəsi var idi, tamamilə məhv edilib, talan olunub və bütün ağaclar qırılıb. Zəngilan rayonunda Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu, Avropada unikal meşə sayılır və burada nadir çinar ağacları var idi. Bu qoruq 107 hektarı əhatə edib, indi isə cəmi 42 hektarı qalıb. Bu, erməni vəhşiliyinin növbəti təzahürüdür. Bu, onu göstərir ki, onlar başa düşürdülər və bilirdilər ki, bu torpaqlarda müvəqqəti oturublar. Onlar bizim evlərimizi dağıdıblar, tarixi abidələrimizi dağıdıblar, məscidlərimizi dağıdıblar, meşələrimizi də dağıdıblar. Nadir çinar meşəsindən cəmi 42 hektar qalıb. Oraya da mütləq bir qrup ezam olunmalıdır, yerində təftiş aparılmalıdır və bu qoruq bərpa edilməlidir. Qubadlı Dövlət Təbiət Yasaqlığı 1969-cu ildə yaradılıb, 1988-ci ildə sahəsi 8500 hektar olub, 2020-ci ildə 6923 hektar. Yəni, 1577 hektar dağıdılıb, talan edilib. Daşaltı Dövlət Təbiət Yasaqlığı 1981-ci ildə Heydər Əliyev tərəfindən yaradılmışdır. 1988-ci ildə 400 hektar sahəsi var idi, hazırda 350 hektardır. Burada da 50 hektar dağıdılıb. Laçın Dövlət Təbiət Yasaqlığı 1961-ci ildə yaradılıb, 1988-ci ildə 7500 hektar sahəsi var idi. Hazırda 4457 hektar qalıb, 3043 hektar ermənilər tərəfindən məhv edilib. Zəngilan rayonunda Arazboyu Dövlət Təbiət Yasaqlığı 1993-cü ildə yaradılıb, sahəsi 1700 hektar idi. Hazırda cəmi 135 hektar qalıb. Yəni, 1565 hektar məhv edilib. Bu məlumat “Azərkosmos” tərəfindən “Azərsky” peykindən götürülüb və mənə təqdim edilib. Ona görə bir daha deyirəm ki, oraya xüsusi qruplar ezam edilməlidir, yerində baxmalıdır və bu da sənədləşdirilməlidir, bunun dəymiş ziyanı da hesablanmalıdır və Ermənistanın növbəti ekoloji terroru kimi qeydiyyata alınmalıdır”.

Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan olunub

Dünyada enerji mənbələrinin tədricən tükənməsi və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyan nəzərə alınaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpaolunan) enerji mənbələrindən geniş istifadə olunur.

Günəş bərpaolunan enerji sahəsində ən böyük potensialdır. Günəş enerjisini elektrik enerjisinə çevirmək yaşıl dünya qurmaqda əvəzsiz addımdır.

Külək alternativ enerji (bərpa olunan) mənbələrindən biri hesab olunur. Bu enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə bilər. Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir

Yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda da ekoloji cəhətdən təmiz alternativ (bərpaolunan) enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Bu səbəbdən də Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının tikintisi davam edir və onların bir neçəsində işlər tamamlanıb. Bu stansiyaların istismara verilməsi 2024-cü ildə nəzərdə tutulub.

Külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin yaradılması və onun, ən azı, 1000 MVt-nın ixrac edilməsi planları çərçivəsində bey­nəlxalq enerji şirkətləri ilə əməkdaşlı­q Naxçıvanı “yaşıl enerji”nin istehsal – ixracı mənbəyi və marşrutuna çevirə­cək. Bu xüsusda, “TotalE­nergies” və “Nobel Energy” şirkətləri ilə ümumi gücü 650 MVt olan günəş elekt­rik stansiyalarının inşası, istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq, “Masdar” şirkəti ilə ilkin mərhələ­də gücü 150 MVt olan günəş elektrik stansiyası, “Czech Engineering” şirkəti ilə günəş elektrik stansiyaları, eləcə də Almaniyanın “Notus” şirkəti ilə “yaşıl enerji” layihələrinin reallaşdırılması planlaşdırılıb.

Yaşıl rəng və bu rəngdə enerji dünyanı xilas edə bilər...

Dünyada demoqrafik artımla yanaşı, istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərmişdir. Yeni minillikdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilmişdir.

Elə bu səbəbdən də bütün dünya yaşıl rəng uğrunda mübarizəyə başlayıb.
Hazırda beynəlxalq aləmdə ətraf mühit komponentlərinin mühafizəsi, mövcud ekoloji problemlərin həllində mütərəqqi metodların tətbiqi həyata keçirilir. Bunu daha geniş şəkildə davam etdirməklə, yaşıl rəngi həyatımızın və sağlamlığımızın rənginə çevirə bilərik. Sevindirici haldır ki, bu, hazırda ölkəmizdə qarşıya qoyulan əsas prioritetdir.

Mətanət Məmmədova

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla