AZ

Sekidika çempionatın səvyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”

“Sabah” klubunun nigeriyalı hücumçusu Cesse Sekidikanın futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 30-cu turunda “Qarabağ”a qalib gəldiniz (3:2). Bu nəticəni gözləyirdiniz? Sizcə, rəqibi nəyin hesabına üstələyə bildiniz?

– Bu oyundan 3 xalla ayrılmaq bizim üçün çox vacib idi. “Qarabağ” ölkənin ən güclü komandasıdır. Amma “Sabah”da hər kəs bu matçdakı 3 xalın bizim üçün nə qədər vacib olduğunu bilirdi. Hamı sona kimi var qüvvəsi ilə mübarizə apardı və bizə lazım olan qələbəni qazanmağı bacardıq.

– Bu görüşdə “Sabah”ın heyətində qol vuran futbolçulardan biri də siz oldunuz. Öz performansınızdan tam razı qaldınız, yoxsa daha yaxşı oyun sərgiləyə biləcəyinizi düşünürsünüz?

– Əlbəttə, qol vurmaq xoşdur. Amma əsas olan komandanın qələbəsidir. Şadam ki, vurduğum qolla komandamın qələbəsinə töhfə verdim.

– Hazırda 2-ci pillədə qərarlaşan “Neftçi”dən 4 xal geri qalırsınız. “Sabah”ın ötənilki uğurunu təkrarlamaq, yenidən gümüş medal qazanmaq şansını necə qiymətləndirirsiniz?

– Futbolda mümkünsüz heç nə yoxdur və istənilən komandanı məğlub etmək olar. Biz sadəcə özümüzə diqqət yetirməli, çox çalışmalı və hər bir oyunda qalib gəlmək üçün mübarizə aparmalıyıq. Bunu etsək, ikinci olmaq şansımız yüksək olacaq.

– Yeni baş məşqçi Krunoslav Renduliçlə bağlı fikirləriniz necədir? “Sabah” onun rəhbərliyi altında uğurlar qazana biləcək?

– Renduliçin rəhbərliyi altında çıxış etmək mənim üçün xoşdur. İnanıram ki, hazırkı baş məşqçimizlə hədəflərimizə çatacağıq.

– Renduliçin gəlişindən sonra ilk 2 oyunda qələbə qazansanız da, sonrakı 2 matçda uduzdunuz. Buna baxmayaraq, ardınca “Qarabağ” kimi güclü rəqibə qalib gəlməyi bacardınız. Görünən odur ki, komandada stabillik çatışmır. Bunu nə ilə izah edərdiniz?

– Bu, futboldur. Bütün oyunları eyni səviyyədə keçirmək çox çətindir. Amma istənilən halda hər oyunumuza qələbə üçün çıxırıq. Nəzərə alaq ki, rəqiblər də qalib gəlmək üçün sona kimi mübarizə aparırlar.

– Növbəti turda “Kəpəz”in qonağı olacaqsız. Səfərdən 3 xalla qayıtmaq mümkün olacaq?

– Bizi uzun, yorucu səfər gözləyir. Çətin oyun olacaq. Bu rəqiblə əvvəlki görüşlərimiz də çətin keçib. Amma biz bütün oyunlarımıza qələbə üçün çıxırıq. Bu matçda da əlimizdən gələni edəcəyik ki, 3 xal qazanaq.

– Azərbaycan çempionatının səviyyəsi sizi qane edir? Premyer Liqamızda çıxış edən hansı müdafiəçilərə qarşı oynamaq çətin gəlir?

– Bəli, çempionatın səviyyəsi məni qane edir. Azərbaycan çempionatında hər komanda sona kimi mübarizə aparır, meydana qələbə üçün çıxır. Güclü müdafiəçilər var, amma kimisə fərqləndirmək istəməzdim.

FƏRİD

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla