AZ

Professor: Öyrədən öyrənəndən az əmək haqqı ala bilməz!

“Bankda işləyən mütəxəssisin maaşı, maliyyəni tədris edən müəllimin maaşından çox olmasını qəbul etmək olarmı?”

 

Bu sözləri Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov AzEdu.az-a bildirib

 

Professor qeyd ki, elmi pedaqoji kadrların hazırlığı məsələsi prioritetimiz olmalıdır:

 

“Universitetlərin ən vacib məqsədlərindən biri elmi pedaqoji kadrların hazırlığıdır. Universitetlər xaricində heç kimin belə bir hüququ yoxdur. Xarici ölkələrin bir çoxunda, eləcə də Sovet dövründə Rusiyada “elmi işçi olmaq istəyirsinizmi?” adlı sorğular keçirilib. Həmin dövrdə sorğuda iştirak edənlərin sayı 80% idisə, 1995-ci ildə 60% təşkil edib. 2015-ci ildə valideynlərə ünvanlanan sorğuda “övladınızı elmi işçi kimi görmək istəyirsinizmi?” deyilib. Təəssüf ki, onların 60%-i “xeyr” cavabını verib. ABŞ-də isə yalnız 2% valideyn razılıq bildirməyib. Buradan da aydın olur ki, ABŞ-də elmi pedaqoji kadrların hazırlığı çox prestejli işdir.

 

“2009-2015-ci illəri əhatə edən elmin inkişafı üzrə Milli Strategiya”sına əsasən alimlərin nüfuzunun artırılması, elmi pedaqoji kadrların güclənməsi və s. kimi məsələlər qarşıya qoyulmuşdu. Biz artıq məsələ qaldırmalıyıq ki, alimin nüfuzunu qaldırmaq üçün, elmi pedaqoji kadr hazırlığının universitetlərdə gücləndirilməsi üçün nə edək? Çünki bütün cəmiyyətin inkişafı universitetlərdən başlayır. Cəmiyyətin tərəqqisi universitetlərə bağlıdır. Miilli iqtisadiyyatın güclənməsinin əsas göstəricilərindən biri milli kadrların hazırlanmasıdır. Bu baxımdan elmi pedaqoji kadrların hazırlığı prioritet olmalı və bununla bağlı sorğular keçirməliyik.

 

Əvvəllər doktorantların iclaslarında nazir statistika təqdim edirdi. Neçə faiz müdafiə edib, neçə faiz qəbul olunub və s. Bu cür statistikalara əsasən təhlillər aparmaq olurdu ki, “niyə işlər müdaifə edilmir?”, “doktorantlara nə mane olur?” və s. Bunun nəticəsində də müvafiq qaydada çıxış yolları axtarılıb, elmi işçilərin nüfuzunu artırmaq üçün addımlar atılmalıdır”.

 

“Hüquqdan dərs keçən professorun maaşı hüquq mühafizə orqanında işləyənlərin maaşından aşağı ola bilməz”,-deyə iqtisad elmləri doktoru vurğulayıb:

 

Əgər bu gün bakalavr məzunu professordan, yəni elmi pedaqoji kadrların hazırlığını həyata keçirən şəxsdən yüksək maaş alırsa, artıq bu sual doğurur. Ən yüksək elmi pillənin müqabilində təklif olunan maaş ürəkaçan deyil. Bankda işləyən mütəxəssisin maaşı maliyyəni tədris edən müəllimin maaşından çox olmasını necə qəbul etmək olar? Öyrədən öyrənəndən az ala bilməz. Bu məsələlər ciddi sorğulanmalıdır.

 

Sovet dövründə elmi dərəcəsi olmayan adam universtietdə işləyəndə ömrünün sonunadək orada qalırdı. Bu gün dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Ya 3-4 ilə müdafiə etməlisən, ya da getməlisən. Universitetdə işləmək üçün elmi dərəcə, elmi ad tələb olunur. Elmi dərəcəsi olmayan adamın universitetdə fəaliyyət göstərməsi mümkün deyil.

 

Daha bir məsələ isə status məsələsidir. Sovetdən qalan “müəllim”, “baş müəllim” statuslarını dəyişməliyik. Türkiyədə oxutman sistemi var. Şəxs əgər ixtisasdan dərs demirsə, universitetə mütəxəssis olaraq dəvət edilibsə, o, müəllim yox "oxutman" hesab olunur. Məsələlər çox ciddidir, bu barədə dəqiq addımlar atılmalıdır”.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla