AZ

Son İran-İsrail qarşıdurmasına “anlaşılmış oyun” deyən ekspert bunun mahiyyətini açıqladı...

“İsrail istədiyini əldə etdi: göstərdi ki, İrandan ona hücum var. Tehran istədiyini əldə etdi; sübut etdi ki, onun öz ərazisindən İsraili birbaşa vurmaq imkanları var...”
 
“ABŞ isə ona nail oldu ki, bölgədə söz sahibi özünün olduğunu nümayiş etdirdi. Və göstərdi ki, bölgədə gərginlik var və gərginlik varsa, deməli, Pentaqon öz hərbi potensialını artırmalıdır...”
 
“Əvvəla, “son İran-İsrail hərbi qarşıdurması anlaşılmış oyundur” tezisinə bir aydınlıq gətirim.  Əlbəttə, bu o demək deyil ki, Tehranla Təl-Əviv arasında müəyyən bir danışıq olubdu ki, mən bunu edəcəm – sən də buna belə cavab verəcəksən. Əlbəttə ki, yox... Əvvəlki açıqlamalarımda da izah etmişəm ki, İsrailə İranın Dəməşqdəki konsulluğunu vurmaq ona görə lazım idi ki, bölgədəki gərginliyi artırsın və Tehranı hansısa qarşılıqlı addım atmağa məcbur etsin(çünki bu günədək Tehran Təl-Əvivə qarşı yalnız öz proksilərindən istifadə edib) və elə bir situasiya yaratsın ki, İsrailə qarşı təhlükə və ya təhlükənin özü üzə çıxsın ki, Netanyahu hökumətini Qəzzadakı cinayətlərinə görə tənqid edən Qərb dövlətləri ilk növbədə də ABŞ mövqeyini dəyişib İsraili qorumağa məcbur olsun. Belə də oldu. Tehranda da bunu başa düşürdülər”. 
Bu fikirləri Moderator.az əməkdaşıının “Ötən söhbətimizdə söylədiniz ki, son İran-İsrail hərbi qarşıdurması anlaşılmış oyundur. Bəs bu oyunun mahiyyəti nədən ibarətdir və tərəflər, o cümlədən vasitəçilik edən ABŞ bundan nə qazandılar?” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ifadə edib.
 
 
“Bundan  sonra Ağ Evdən iki xəbərdarlıq olmuşdu: bir – İran konsulluğunun vurulmasının ABŞ-yə heç bir aidiyyatı yoxdur; iki -İran İsrailə qarşı genişmiqyaslı hərbi addımlar atarsa,  Amerika İsraili qoruyacaqdır. Bunları da nəzərə alaraq Tehranda bəhs etdiyim son raket atəşləri, daha dəqiq desək, atəşfəşanlığı ilə kifayətlənməyə qərar verdilər. Bunun özü bir anlaşılmış oyundur. Şübhəsiz ki, bu, belədir. Bəs bu “oyun”dan kim nə qazandı? İsrail istədiyini əldə etdi: göstərdi ki, İrandan ona hücum var.
Tehran istədiyini əldə etdi; sübut etdi ki, onun öz ərazisindən İsraili birbaşa vurmaq imkanları var. Təbii ki, mən sadəlövhcəsinə düşünmürəm ki, İran bu hücumda ən müasir silahlarından istifadə etdi. Əsla elə deyil. Müharibədə, hərbi qarşıdurmada heç bir dövlət ilk növbədə ən müasir silahlarından istifadə etməklə qarşı tərəfə onları öyrənməyə imkan vermir... 
 
ABŞ isə ona nail oldu ki, bölgədə söz sahibi özünün olduğunu nümayiş etdirdi. Və göstərdi ki, regionda gərginlik var və gərginlik varsa, deməli, Pentaqon orada öz hərbi potensialını artırmalıdır. Bax, hesab edirəm ki, tərəflər bunları qazandı”, - deyə davamında analitik bildirib. 
 
Ərəstun Oruclu hesab edir ki, Netanyahunun İranla son atüstü hərbi qarşıdurmadan götürdüyü əsas dividentlərdən biri də Qəzza mövzusunun arxa plana atılması oldu.
“İsrailin ilk növbədə qazancı o oldu ki, Qəzza mövzusunu arxa plana keçirməyə nail oldu. Çünki bu, çətin və ağır mövzudur. Bilirik ki, Qəzzada törədilən cinayətlərə görə İsrail hökuməti Cənubi Afrika Respublikasının müraciəti əsasında beynəlxalq cinayət məhkəməsinə cəlb olunub. Və indi, dünən İsraili  tənqid edən ölkələr, ilk növbədə də ABŞ, Britaniya və Fransa artıq İsraili müdafiə edən müttəfiq rolunda çıxış edirlər... 
 
İranın da bir əlavə qazancını qeyd edim; Tehran öz əhalisinə göstərdi ki, onun ordusu İsraili və ümumiyyətlə, İrandan 1000-1500 km məsafədə olan və bu ölkə ilə heç bir quru sərhədi olmayan ölkələri, yaxud düşmənlərini vurmaq imkanına malikdir. Və bu da Tehranda kütlələr tərəfindən bir toy-bayram kimi qəbul edildi. İran rejiminə də elə bu lazım idi... 
 
Bir sözlə, düşünürəm ki, sadalanan səbəblərdən son İran-İsrail hərbi qarşıdurması anlaşılmış oyun idi və tərəflər də bundan öz dividentlərini götürdü”, - deyə ekspert vurğulayıb.
 
Sultan Laçın
 
Seçilən
74
50
Mənbələr
Şərh ()
Bağla