AZ

Qayınana: birgə, yoxsa ayrı yaşamalı? - MÜNASİBƏT BİLDİRİLDİ

"Biz istəsək-istəməsək də Azərbaycanda klassik, milli ailə modeli ya dağılıb, ya böhran içindədir, ya da islahatlara məruz qalıb". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, şəxsən bir kulturoloq, sosial məsələləri analiz edən şəxs olaraq mənə maraqlıdır ki, böhran və dağılmaqdansa, islahatlar Azərbaycan ailəsinə yenilik gətirsin: "Təəssüflər olsun ki, hər zaman bizim arzuladığımız kimi olmur. Azərbaycanda urbanizasiyanın sürətlə getdiyi vaxtda kəndlərimizin boşaldığı, şəhərlərimizin yükləndiyi, Bakının ümumiyyətlə, qlobal şəhərə çevrildiyi zamanda ailə modeli də dünyanın bir çox ailə modelləri kimi dəyişilməyə, daha çox modelləşməyə sanki məruz qaldı. Bunun da son nəticəsi olaraq cavan qızlarımız, gənc oğlanlar evlənən zaman çalışırlar ki, valideynlərdən kənar, ayrı ocaq qursunlar. Əslində bu, normal haldır. Çünki ailələr nə qədər genişlənsə, nə qədər varlansa, yeni biznes sahələrini inkişaf etdirsələr, bir o qədər də dövlətin iqtisadi vəziyyəti, ölkənin güclənməsi sürətlənəcək.

Milli mentalitetdə "evimdən çıxma, məhəlləmdən uzaqlaşma, kəndimizdən heç yerə getmə" düşüncə tərzi var. Təzə evlənənləri öz evinə birləşdirən valideynlərdir. Qayınata və qayınanaların da sayı getdikcə çoxalır. İstər-istəməz gənclər azad, sərbəst yaşamaq istəyirlər. Təsəvvür edin ki, Bakının hansısa iki otaqlı bina evində gənclər ata-ana ilə necə zifah gecəsini keçirə bilərlər, necə sərbəst yaşaya bilərlər, dünyaya uşaq gətirib tərbiyələndirə bilərlər? Uşaqların tərbiyəsində nənə, baba, yaxın qohumların rolu önəmli olsa da, əhəmiyyətli tərəfi ata-anadan asılıdır. Qayınata və qayınana olan evlərdə isə ata-ana uşağı cəzalandıranda nənə-babalar o dəqiqə öz yerini şirin etmək üçün ya pensiyadan bəxşişlər verirlər, ya uşağın müdafiəsinə girişirlər. Bu, uşağın tərbiyəsinə böyük mənfi təsir göstərir. Bütün bu obyektiv və subyektiv səbəblər istər-istəməz gənclərin ayrı yaşamasına təkan verir. Övlad nə qədər şirin olsa da, nəzərə almalıyıq ki, onların şəxsi həyatı var. Biz bağçadan tutmuş ali məktəbə qədər uşaqlarımızın üstündə çox əsirik, onları tənbəlləşdiririk, onlara həyatda yaşamaq üçün heç bir motivasiya, həvəsləndirici təsirlər saxlamırıq. Orta məktəbdə pul verib müəllim yanına göndəririk, ali məktəbə daxil edirik, diplom aldırırıq, işə düzəldirik, evləndiririk, yanımızda saxlayırıq, uşaqlarını saxlayırıq. Bir də görürük ki, bizdən sonrakı nəsil tənbəlləşib. Onlar heç nə etmək istəmir, heç bir məsuliyyət daşımaq istəmirlər.

Tənbəlləşən qız-oğlanlar evlənəndə o basqı, normadan çox sevgi, qayğıya etiraz olaraq müstəqil yaşamaq istəyirlər. Bu da cəmiyyətdə, ailədə, nəsildə müəyyən konfliktlərə aparıb çıxarır. Keçmişdə 8-9 uşaqlı ailələrdə başa düşülürdü ki, iki uşaq valideynlərin yanında qalırdısa, digərləri ya başqa yerə köçürdü, paytaxt Bakıya, indi isə xarici ölkələrə gedirlər. Bir çoxları orada əcnəbi qızlarla evlənir, xaricilərə ərə gedirlər. Müasir dövrdə bu proses belə baş verir, amma bir az da sürətlənib.

Artıq təhsil alan qızlar iqtisadi cəhətdən müstəqil olduğunun fərqinə varırlar, əllərinə pul gələndən sonra onlar özlərinə uyğun bəylərlə evlənirlər. Bilirsiniz ki, indi oğlanların da iqtisadi vəziyyəti ağırdır. Çoxları universitetləri normal oxumur, çoxu xaricə gedib vaxtını öldürür. Diplom alıb Azərbaycana qayıdanda heç bir tanış, iş imkanı qazanmırlar. Ona görə də onlar savadlı, varlı qadınlarla evlənməyə daha çox meyl göstərirlər. Bu qadınlar da diktə etməyi bacarır, müstəqil yaşamaq istəyirlər. Beləcə yeni ailə modeli yaranır. Bu ailə modelinin əksəriyyəti, təəssüflər olsun ki, rəsmi boşanma ilə nəticələnir. Biz hələ qeyri-rəsmi, ictimai ailə münasibətlərini kənara qoyuruq. Statistik məlumatlara görə bu ilin iki ayında evlənənlərin 55-60%-nin boşanma ilə nəticələnməsinin əsas səbəbi də məhz bunlardır.

İqtisadi cəhətdən kariyerist qadınların boşanma faizi daha çoxdur. Kişilərin də əlindən bir şey gəlmədiyinə görə bu, boşanma ilə nəticələnən ailə taleyi ilə razılaşmalı olurlar. Eyni zamanda qayınana və qayınata tərəfindən təzyiq görən xanımların evdən uzaqlaşması prosesi gedir".

"Müsbət və mənfi tərəfləri var. Bunun qarşısını almaq mümkün deyil. Çünki gənclər internet, xaricdən gələn təhsil nəticəsində fərdiyyətçilik, xoşluqla yaşamaq, ailə taleyini özləri müəyyənləşdirməsi kimi yenilikləri qəbul edirlər. Heç bir ailə, nəsil nəzarətini etməmək boşanmalara gətirib çıxarır. Eyni zamanda müstəqil ailələrin statistik göstəriciləri artır.

Biz milli ailə dəyərlərini qəbul edə bilərik. Amma hamının 1-2 uşağı var. Kimsə müstəqil yaşamaq istəyirsə, ata-ana razılıq verir. İqtisadi, psixoloji və mədəni-ictimai proseslərin nəticəsi olaraq insanların azadlığı seçməsi ailə modelinə də təsir göstərir. Modern ailədə artıq təzə evlənənlər, gəlin və bəy, bir ildən sonra olan uşaq arasında konflikt olmursa, müstəqil yaşamağa səy göstərirlər. Bəlkə də, belə gözəldir. Yaşlı nəsil də bunu qəbul etməlidir, əgər bu müstəqillik həddindən artıq azadlığa aparıb çıxarmırsa. Bu müstəqillik qohumların nəzarətindən çıxan zaman əxlaqsızlıq, mənəviyyatsızlığa, boşanmaya aparıb çıxarırsa, bu yöndə ailə münaqişələri ilə məşğul olan kritik böhran mərkəzlərinin yaranması və mütəxəssislərinin, psixoloqlarının, tanınmış intellektualların köməyindən istifadə edərək bu problemi aradan qaldırılması lazımdır" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
50
Mənbələr
Şərh ()
Bağla