AZ

Paris-2024-ə son 100 gün!

Paris-2024 Yay Olimpiya Oyunlarına 100 gün qalıb.

Offsideplus.az xəbər verir ki, müasir Olimpiadaların banisi Pyer de Kubertenin vətəni sayca XXXIII Oyunlara ev sahibliyi edəcək.

Məşəli dünən Yunanıstanda yandırılan dördilliyin ən mötəbər yarışının açılış mərasimi iyulun 26-da Parisdəki Sena çayında təşkil olunacaq. Düzdür, bəzi növlərdə yarışlar təntənəli açılışdan öncə başlayacaq.

Olimpiada avqustun 11-dək davam edəcək. 10500 idmançı 17 gün ərzində 32 növdə mübarizə aparacaqlar. Onlar 329 dəst mükafatın sahiblərini müəyyənləşdirəcəklər.

Azərbaycan tarixində 8-ci dəfə Yay Olimpiya Oyunlarında təmsil olunacaq. Atlanta-1996-dan başlayaraq bu yarışlarda dalğalanan bayrağımızı təmsil edənlər yeni zəfərlər üçün Parisi fəth etməyə çalışacaq.

Mirzə Fətəli Axundovun “Dərviş Məstəli şah”ından sonra “Parisi partlatmaq” növbəsi idmançılarımızdadır. Təmsilçilərimiz artıq 7 növdə 17 lisenziya qazanıblar.

Bütün Olimpiadalara medal qazanmaqla damğasını vuran güləşçilər Fransada da xalçanın əsil sahibi olduqlarını sübut etməyə çalışacaqlar. Boksçularımızla gimnastlarımız da Paris-2024-ə medal dalınca gedəcəklər. Multi-idman yarışında atletika, atıcılıq və taekvondoda da təmsil olunacağımız dəqiqləşib. Tarixdə ilk dəfə basketbol komandamız – qadınların 3x3 növündəki millimiz də medal dalınca Parisə gedəcək.

Gimnastika
Zöhrə Ağamirova, bədii gimnastika
Selcan Maqsudova, batut gimnastikası

Güləş
Maqomedxan Maqomedov (97 kq), sərbəst güləş
Sənan Süleymanov (77 kq), yunan-Roma güləşi
Həsrət Cəfərov (67 kq), yunan-Roma güləşi
Əliabbas Rzazadə (57 kq), sərbəst güləş
Hacı Əliyev (65 kq), sərbəst güləş
Turan Bayramov (74 kq), sərbəst güləş
Osman Nurmaqomodov (86 kq), sərbəst güləş
Giorgi Meşvildişvili (125 kq), sərbəst güləş

Atletika
Anna Skidan, çəkicatma

Boks
Nicat Hüseynov (51 kq)
Murad Allahverdiyev (80 kq)
Məhəmməd Abdullayev (+92 kq)

Taekvondo
Qaşim Maqomedov (58 kq)

Atıcılıq
Ruslan Lunyov (10 m, pnevmatik tapança)

Basketbol
Qadın yığması, 3x3 növü

Yarışların startına qədər qalan 100 gündə bu siyahının böyüyəcəyini əminliklə söyləmək olar. Cüdoçularımızın lisenziyaları artıq “cibləri”ndədir. Digər növlərin də Fransa paytaxtına vəsiqə qazanacağı gözlənilir.

Qeyd edək ki, Olimpiya Oyunlarından 1 ay 2 gün sonra Paralimpiadaya start veriləcək. Bu yarış avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla