AZ

Azərbaycan Qərbin regiona gəlməsindən çəkinməməlidir: “Ona görə ki…”- ŞƏRH

“Geosiyasi proseslərin yeni dünya düzəni formalaşması fonunda hər bir dövlət üçün məqbul və qeyri-məqbul yönləri olacaq. Ümumilikdə isə Cənubi Qafqaz regionu ölkələrinin bu prosesdən necə çıxacağı maraq doğuran haldır. Məsələ ondadır ki, Azərbaycan özü üçün bu prosesdən böyük ölçüdə qazancla çıxmaq yolundadırsa, Ermənistan üçün bu hələ müəyyənləşməyib”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, Ermənistan prosesin sonunda zərər çəkən tərəf olmaq şansının böyük olduğunu başa düşdüyü üçün yollar axtarır:

“Rusiya ilə Ermənistan arasında həlledici mənada yaranmaqda olan gərginlik təbii ki, tək Ermənistan üçün yox, elə Azərbaycan üçün də müəyyən problemlər yarada bilər. Azərbaycan Rusiya-Ermənistan gərginliyindən bəzi dividentlər əldə edə bilər. Amma Rusiyanın istər Ukraynada, istərsə də, Cənubi Qafqaz regionunda olan imperiya maraqları nəticə etibarı ilə bütün postsovet məkanı ölkələri üçün birmənalı təhlükə yaradır.

Bu baxımdan Rusiyanın günün birində Azərbaycana imperiya maraqları ilə tələblər irəli sürə bilməsi ehtimalı da hər zaman aktual ola bilər. Azərbaycan böyük ölçüdə öz təhlükəsizliyin təmin etsə də günün birində beynəlxalq konyukturun necə olacağını proqnozlaşdırmaq çətindir. Bura İran faktorunu da əlavə etmək lazımdır. Odur ki, Azərbaycan bunun üçün Türkiyə ilə ən azı iqtisadi və hərbi sahədə inteqrasiyanı artırmalı, hətta “Bir Millət, Bir Dövlət” səviyyəsinə çatdırmalıdır”.

Politoloqun sözlərinə görə, Azərbaycan dövləti Qərbin regiona təsirindən çəkinməməlidir:

“Qərb Azərbaycandan ancaq demokratiya tələb edəcək, Rusiya kimi müstəqilliyinin itirilməsini yox…Demokratiya isə Azərbaycan dövləti üçün qeyri-adi şey deyildir. Azərbaycan Şərqin ilk demokratik dövlətini quran dövlətdir. Demokratiya uğrunda mübarizə Azərbaycanın fəth edəcəyi son zirvə olacaq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla