AZ

Gürcüstanda “məxməri inqilab” EHTİMALI: Qərb hakimiyyət çevrilişi hazırlayır? – AÇIQLAMA

“Gürcüstandakı etirazların yeni bir “məxməri inqilab” yaradacağını düşünmürəm. Çünki aksiyalar “məxməri inqilab” miqyasında deyil”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Fuad Şahbazov deyib.

O, Gürcüstan parlamenti tərəfindən qəbul edilən “Xarici agentlər haqqında” qanundan sonra Tbilisidə yaranan etiraz aksiyalarının yeni bir “məxməri inqilab”a çevrilməsi ehtimalından söz açıb.

Siyasi təhlilçi xatırladıb ki, bundan əvvəlki inqilabda Gürcüstan cəmiyyətinin bütün seqmentləri etirazlarda iştirak edirdisə, indiki aksiyada daha çox cavanlar və Avropapərəstlərin üstünlüyü sezilir.

“Ona görə də buna inqilab demək olmaz, əksinə, bu, sadəcə, hakim “Gürcü arzusu” partiyasının Gürcüstanda həyata keçirmək istədiyi müəyyən radikal dəyişikliklərlə bağlıdır. Hesab edirəm ki, Qərb Gürcüstana birbaşa müdaxilə edə bilməz, çünki bunun üçün sosial baza görünmür. Eləcə də Qərbin Gürcüstanda hansısa inqilab edib, hakimiyyət çevrilişinə səbəb olması da real görünmür. Onsuz da, ölkədəki gənclərin əsas etiraz budur ki, “Xarici agentlər haqqında” qanun Gürcüstanın Avropayönümlü simasını zədələyir və Avroatlantik məkana inteqrasiyası ilə bağlı olan imicini korlayır”, – F.Şahbazov əlavə edib.

Onun sözlərinə görə, son hadisələr 2018-ci ildə Ermənistanda və 2003-cü ildə Gürcüstanda baş verən proseslərlə müqayisə edilməməlidir.

“Bunlar daha çox kiçik miqyaslı proseslərdir ki, fikrimcə, baş verənlər hansısa bir dövlət çevrilişinə gətirib çıxara bilməz. İndiki halda, Gürcüstanda nə baş verəcəyini demək də çətindir. Çünki “Gürcü arzusu” hökuməti tərəfindən keçən il də eyni qanun layihəsinin qəbul edilməsi ilə bağlı müzakirələr başladılmışdı ki, onda da bir neçə gün dalbadal etiraz aksiyaları oldu. Lakin hakimiyyət müvəqqəti olaraq qanun layihəsini təxirə saldı ki, etiraz aksiyası dayansın. Amma indi hökumət qanunu qəbul etməyə qərarlı idi ki, bunu da həyata keçirdi. Hazırkı iqtidar xaricdən gələn təhdidləri öz legitim hakimiyyətinə təhdid kimi görür. Ona görə də bu qanun layihəsini qəbul etdi”, – deyə o yekunlaşdırıb.

Rafi Müslümov

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla