Məqsədim Tibb Universitetinə daxil olmaqdır
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, Bakı məktəblərindən 14, region məktəblərindən isə 25 şagird buraxılış imtahanında maksimum nəticə göstərib.
”İki sahil” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin buraxılış imtahanlarında maksimum nəticə göstərən şagirdləri ilə həmsöhbət olub.
Buraxılış imtahanında ən yüksək bal toplayan məktəblilərdən biri də Bakının Sabunçu rayonunundakı 28 saylı tam orta məktəbin şagirdi Ayla Əzimlidir. Təəssüratlarını “İki sahil”lə bölüşərkən diqqətə çatdırdı ki, buraxılış imtahanının suallarını diqqətlə yoxladıqdan sonra əmin oldum ki, 300 bala toplamağa nail ola bilərəm: “Müəllimlərimin mənə olan inamı mənə ruh yüksəkliyi verirdi, inamımı artırırdı. Buraxılış imtahanının nəticələrini eşitdiyim anda keçirdiyim hisləri ifadə edə bilmirəm. Sevincimi ilk valideynlərim və müəllimlərimlə bölüşdüm. Məktəbimizin direktoru Qənirə Əmircanovaya, müəllimlərimdən Xəyalə Orucova, Gülsən Soltanova, Xəyalə İsmayılovaya və əməyi keçən hər bir müəllimimə təşəkkürümü bildirirəm”.
Ayla uğurun sirrini əzmlə çalışmaqda, qarşıya qoyduğu məqsədə doğru inamla adımlamaqda görür: “Hər bir abituriyent ən əsası vaxt bölgüsünü düzgün etməli və dərslərə ciddi yanaşmalıdır”.
Həmsöhbətimiz tibb sahəsi üzrə ali təhsil almaq istəyir: “IV ixtisas qrupu üzrə hazırlaşıram. Məqsədim Tibb Universitetinə daxil olmaqdır”.
Yaqut Ağaşahqızı, “İki sahil”