AZ

İngiltərədə 2009-dan sonra doğulanlara siqaret satışı ömürlük qadağan edilir


İngiltərədə İcmalar Palatası yeni nəslin ömürlük siqaretə çıxışını qadağan edən qanun layihəsini təsdiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
Beləliklə, “siqaretsiz nəsil” yaratmaq təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı qadağan edilib. Səsvermə zamanı 383 deputat qanun layihəsinin lehinə, 67 deputat isə əleyhinə səs verib.
Qanun hakim Mühafizəkarlar Partiyası daxilində mübahisələrə səbəb olub. Belə ki, partiyanın bəzi deputatları qanunu dəstəkləməyəcəklərini bildiriblər. Buna baxmayaraq, qanun ana müxalifətdəki Leyboristlər və Liberal Demokratlar Partiyasının deputatlarının səsləri ilə qəbul edilib.
Ancaq layihənin qanuna çevrilməsi üçün Lordlar Palatasında səsvermə də daxil olmaqla bir neçə addıma ehtiyac var. Lakin qanun layihəsinin 2024-cü ilin ikinci yarısında gözlənilən ümumi seçkilərdən əvvəl qanuna çevrilməsi də istisna deyil.
Telekanalın məlumatına görə, qanun siqareti deyil, siqaret məhsullarının satışını qadağan edir. Qanun layihəsi eyni zamanda dad və qablaşdırma ilə bağlı yeni məhdudiyyətlərlə siqaretləri uşaqlar üçün daha az cəlbedici etmək məqsədi daşıyır.
Qanuna görə, həmçinin, əlaqədar orqanlar uşaqlara tütün və ya siqaret satan ticarət obyektlərinə 100 funt sterlinq cərimə tətbiq etmək səlahiyyəti əldə edəcək və bu cərimələrdən əldə edilən gəlir qanunun funksionallığının gücləndirilməsinə sərf olunacaq.
Qeyd edək ki, tütündən istifadə Böyük Britaniyada qarşısı alına bilən ən böyük ölüm səbəbləri arasındadır. Belə ki, tütündən uzunmüddətli istifadə istifadəçilərin üçdə ikisini öldürür və bu, hər il 80.000 ölümə səbəb olur. Üstəlik, İngiltərədə demək olar ki, hər dəqiqə bir xəstə infarkt, insult və ağciyər xərçəngi kimi siqaretlə bağlı xəstəlikdən xəstəxanaya müraciət edir.
Digər tərəfdən, rəqəmlər göstərir ki, İngiltərədə son üç ildə siqaretdən istifadə edən uşaqların sayı üç dəfə artıb.
Xatırladaq ki, əgər layihə qanuna çevrilsə, Böyük Britaniyanın siqaretlə bağlı qanunları dünyada ən sərt qanunlardan biri olacaq.
Seçilən
71
Mənbələr
Şərh ()
Bağla