AZ

Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib

Qəbələyə

Qəbələ, 17 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin yanvar-mart aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə yerləşdirilən əcnəbi turistlərin sayında 12,9 faiz artım qeydə alınıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, cari ilin birinci rübündə Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 14 min 797 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 54,1 faizi Azərbaycan, 45,9 faizi xarici ölkə vətəndaşları olub.

Yanvar-mart aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları əvvəlki aylarda olduğu kimi, yenə də üstünlük təşkil edib. Belə ki, üç ayda bu ölkənin 2469 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, birinci rübdə Qəbələyə Səudiyyə Ərəbistanından 950, Birləşmiş Ərəb Əmirliklərindən 943, Küveytdən 443, Pakistandan 297, Rusiyadan 276, Qətərdən 148, Omandan 146, Bəhreyndən 131, Türkiyədən 84, ABŞ-dan isə 42 turist səfər edib. Bundan əlavə, həmin müddətdə Qəbələyə digər ölkələrdən də müəyyən sayda əcnəbi turist gəlib.

Üç ayda rayon ərazisində yerləşən 18 mehmanxana və mehmanxana tipli müəssisədən 15-i fəaliyyət göstərib. Bir gün qalmaq üçün orta qiymət 110,6 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub.

 

 

Seçilən
97
44
Mənbələr
Şərh ()
Bağla