AZ

Ankara İrəvana xüsusi elçi göndərir – Dəhliz məsələsi masada olacaq

Rəsmi İrəvan Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıç arasında davamlı təmaslara önəm verir.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli mediaya Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlik Kılıçın Ermənistana səfərinin nə vaxt planlaşdırıldığı, Türkiyə rəsmisinin İrəvana gəlişinin gündəminin nədən ibarət olması, regional kommunikasiyaların (dəhlizlər) açılması məsələsinin onun gündəliyinə daxil olub-olmaması ilə bağlı suala belə cavab verib:

“Rəsmi İrəvan Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesində konstruktiv iştirakını davam etdirir və xüsusi nümayəndələrin davamlı təmaslarına önəm verir. Hazırda Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında görüşün keçirilməsi ilə bağlı konkret razılaşma və razılaşdırılmış gündəm yoxdur”.

Rubinyan bundan əvvəl Kılıçın martda keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində iki ölkənin nümayəndələrinin növbəti görüşünün İrəvanda keçirilməsi təklifini qəbul etdiklərini açıqlamışdı. Həmçinin Kılıç forumda Zəngəzur dəhlizinin xüsusi statusla açılması təklifini vermişdi.

Avropa Birliyinin xüsusi nümayəndəsi Toivo Klaar da bir neçə gün əvvəl Ankara-İrəvan normallaşma prosesini dəstəklədiklərini, xüsusi nümayəndələrin yaxınlarda görüşəcəklərinə ümid etdiyini bildirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
45
Mənbələr
Şərh ()
Bağla