AZ

Samir Abasovdan özünəməxsus “rekord”: 6 sarı, 2 qırmızı vərəqə!

Mövsümün sonuna artıq 6 tur qalır. “Sumqayıt” sonda avrokuboklara vəsiqə qazanmasa belə, bu komandanı çalışdıran Samir Abasov ölkə futbolunun tarixinə düşəcək. Bəli-bəli, hakim qərarlarına etirazların bayraqdarı, məşqçi sexinin Məzdəki olduğuna görə!

Samir bəy hələ bitməyən mövsümdə 6 oyunda sarı, 2 oyunda qırmızı vərəqə ilə cəzalandırılıb. 46 yaşlı mütəxəssis ilk sarı vərəqəsini 5-ci turda - “Neftçi” ilə oyunda alıb. Növbəti dəfə 6-cı turun “Zirə” ilə matçında 28-ci dəqiqədə “sarı” alıb, Kamranbəy Rəhimova etirazı davam etdirdiyinə görə dərhal “qırmızı” ilə də cəzalanıb. 13-cü turda - “Neftçi” ilə dueldə eyni ssenari təkrarlanıb. 39-cu dəqiqədə qeyri-idman hərəkətinə görə sarı vərəqə ilə cəzalanan mütəxəssis sakitləşməyib, oyundan sonra vərəqənin rəngi dəyişib. Qış fasiləsindən sonra - 27-ci turun “Sabah”la qarşılaşmasında ona 4-cü dəfə sarı vərəqə verilir.29-cu turda Abasov ənənəni pozmayaraq “Neftçi” ilə matçda yenə sarı vərəqə ilə cəzalandırılır. Həmçinin dünənki “Zirə” ilə qarşılaşmada 6-cı dəfə sarı vərəqə görüb.

Statistikaya diqqət yetirsək, Abasovun ancaq “Neftçi” və “Zirə” ilə oyunlarda hər iki rəngdən olan vərəqə ilə cəzalandığını görərik. Görünür, Samir bəy vaxtilə çalışdırdığı komandalarla duellərə xüsusi şəkildə köklənir, bəzən qəzəbini boğa bilmir. Əlbəttə, Abasovun köməkçilərinin cəza statistikasını da çıxara bilərdik. Bu halda “Sumqayıt” avromatik mövsümün rekordçusuna çevriləcəkdi. Bizi maraqlandıran daha bir sual var: görəsən, Samir bəy üçün vərəqə almaq baxımından hansısa limiti varmı? Və ya: mövsümün sonuna qədər öz rekordunu yeniləyə biləcəkmi?

RÖYANƏ OĞUZ

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla