AZ

Makronun Mərakeş səfəri...

Fransa prezidentini gözləyən əsas “sürpriz”

Yürütdüyü neokolonialist siyasətin qurbanına çevrilərək beynəlxalq münasibətlər sistemində mənfi imic qazanan Fransa çıxış yolu axtarmaqdadır. “Bakı Təşəbbüs Qrupu”nun həyata keçirdiyi uğurlu proses Makron hakimiyyətini çətinə salıb - rəsmi Parisin separatizmə açıq dəstək verməsi, Afrika və dənizaşırı ərazilərdə özünün kolonist və imperialist maraqlarını təmin etmək üçün beynəlxalq hüququ pozması artıq faktlarla bütün dünyaya təqdim olunur. Bu mənada, Makronun planlaşdırılan Mərakeş səfəri “daldan atılan daş” və ya “yeni arzular” mahiyyəti daşıyır.

Fransa əlehyinə kütləvi etirazlar...

Yeni əsrdə yeni dünya uğrunda mübarizə birliyə, əməkdaşlığa və sülhə əsaslanmalıdır - Fransanın “mübarizəsi” isə öz məntiqi ilə ilk növbədə Avropa İttifaqının önünə adlamağı hədəfləyir. Paris beynəlxalq hüququ özünün maraqlarına qurban verməyə öyrəşib - qlobal dəyərləri nəinki qorumaq fikrində deyil, dünyanın yeni inkişaf mərhələsinin formalaşması üçün zəruri olan əsas çağırışları və ya tezislərin üzərini “rəngləyir”. Sərsəm iddiaları, neokolonist həvəsləri, müstəmləkəçilik arzuları, irqi və diskriminasiyaya əsaslanan siyasəti, qeyri-adekvat davranışı ilə bu mənzərə daha aydın səviyyədə üzə çıxır. Fransa  XIX və hətta XX əsrin ilk yarısında olduğu kimi müstəmləkə havasında yaşamaq həvəsindədir, insanları, xalqları, dövlətləri öz marağı ətrafında istismar etmək üçün “hərəkətə keçir”. Zorakılığı və istismarı özünün dövlət prioritetinə çevirən Fransa Afrikaya yanaşmada “tarixi təcrübə” həvəsi yaşayır. Sirr deyil ki, illərlə Afrikada törətdiyi amansız soyqırımları, sonradan isə iqtisadi sömürgəçiliyi ilə qara ləkə dolu tarixə malik Fransanın Afrika “arzuları” bitməz və tükənməzdir. Əsrlərlə eyni düşüncə və yanaşma dəyişməyib. Bəli, Fransanın öz müstəmləkələrində hansı addımlarla yadda qaldığı hər kəsə bəllidir. 1524-cü ildən başlanan Fransa müstəmləkəçiliyini? acı nəticələri hələ də yaddan çıxmayıb:

- Afrikanın 35 faizi 300 il Fransanın nəzarətində qalıb;

- Mərakeş də daxil olmaqla Qərbi Afrika Fransanın qul ticarəti mərkəzi kimi istifadə edilib və bölgədəki bütün resurslar istismar olunub;

- Əsrlərlə davam edən müstəmləkəçilik dövründə milyonlarla afrikalı həyatını itirib;

- Bəşər tarixinin ən böyük soyqırımları həyata keçirilib. Mərakeşdə illərlə insanlar ən primitiv hüquqlarından belə istifadə edə bilməyiblər.

Bu məsələnin görünən hissəsidir - görünməyən hissəsində daha dəhşətli  faktlar yatır. Məsələn, fransız dilinin Mərakeş ərazisində dominantlıq etməsi Fransanın neokolonialist siyasətinə son vermədiyinin ən bariz sübutlarındandır. Mərakeşli fəallar artıq illərdir ki, fransız dilinin kurrikulumdan çıxarılmasını və onun dövlət müəssisələrində istifadəsinin dayandırılmasını tələb edən kampaniya başladıblar. Mərakeşli fəallar “Change.org” saytında “Mərakeşdə dil ədalətinə bəli, fransızcaya yox” mövzusunda kampaniya təşkil ediblər. Ölkədə fransız dilinin təhsil proqramından çıxarılması və rəsmi qurumlarda istifadə edilməməsi tələbi ilə təşkil edilən kampaniya çərçivəsində minlərlə imza toplanıb.

Rabat Parisin yardımını qəbul etmədi...

Eyni zamanda, rəsmi Paris Mərakeşi özünün ticari asılılığından qurtulmasına imkan verməmək üçün bütün yollara əl atır. Çünki vəziyyət heç də Fransa üçün “müsbət axarda” inkişaf etmir. Hətta ötən ilin sentyabrında Mərakeşdə baş verən zəlzələdən sonra kral IV Məhəmməd Fransanın zəlzələdən zərər çəkənlərə humanitar yardımından imtina etmişdi. Müqayisə üçün bildirək ki, Mərakeş krallığı həmin vaxt Böyük Britaniya, İspaniya Birləşmiş Ərəb Əmirlikləri və Qətərin yardım təklifinə müsbət cavab vermişdi.

Ümumiyyətlə, ölkədə əsas inkişaf edən sahə kənd təsərrüfatıdır. Yağışın çox olması kənd təsərrüfatına yaxşı şərait yaradır. Burada arpa və buğda becərilməsi ilə ixtisaslaşan kiçik, ənənəvi təsərrüfatla yanaşı, sitrus meyvələri və qış tərəvəzləri ixracı üçün böyük miqyaslı təsərrüfatlar da var. Əsas məhsulları buğda, qarğıdalı, düyü, şəkər qamışı, çuğundur, üzüm, xurma, sitrus meyvələri, pambıq və zeytundur. Heyvandarlıq əsasən qoyun və keçi heyvandarlığıdır. Balıq sənayesi də iqtisadiyyatın əsas sahələrindəndir. Mərakeş dünyada ən böyük fosfat turşusu ixracatçısıdır. Kömür, qurğuşun, dəmir filizi, gümüş və mis kimi təbii sərvətləri də mövcuddur. Bu baxımdan, Fransa Mərakeşi “əlindən çıxarmaq” istəmir və bütün gücünü ölkənin iqtisadi - ticari dövriyyəsinin məhz Parisin orbitində davam etməsinə yönəldib.

Ərəb dünyası Fransanı “iqnor” edir...

Amma deyəsən, reallıqlar Mərakeş-Fransa münasibətlərini də açıq müstəviyə çıxarmağa başlayıb. Fransanın sömürgəçi siyasətindən bezən Mərakeş Frankofoniya adı altında nəzarətdə qalmaq fikrində deyil. Buna ən real misal son dövrlərdə Mərakeşin digər dövlətlərlə münasibətlərindəki yeniliklərdir. Məsələn, ötən ilin son ayında Mərakeşdə baş tutan Rusiya - Ərəb əməkdaşlıq Forumu bu mənada, xüsusi vurğuşlanmalıdır. Tədbirdə Rusiya və Mərakeşlə yanaşı, Yəmən, Bəhreyn, Sudan, Livan, Mavritaniya. Misir, Fələstinin XİN rəhbərləri iştirak etmişdilər. Qəbul olunan yekun Bəyannamədə bildirilib ki, Afrikanın ərəb ölkələri ilə Rusiya arasında ümumi maraqlara əsaslanan koordinasiya davam etdirilməlidir. İştirakçılar Ərəb Dövlətləri Liqasına üzv ölkələrlə Rusiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Bunun qarşılığında isə Fransa Afrika ölkələrində təhlükəsizliyi “təmin etmək” bəhanəsi ilə hələ də hərbi mövcudluğunu davam etdirməyə çalışır. Lakin Fransanın Afrika ölkələrində hərbi əməliyyatlar aparmasına baxmayaraq, etnik münaqişələr, iğtişaşlar və terror fəaliyyətləri dayandırıla bilmir. Bu vəziyyət bölgədə Fransa əleyhinə əhval-ruhiyyəni artırır. Fransa isə Afrika qitəsində artan anti-Fransa əhval-ruhiyyəsini digər dövlətlərə təbii şəkildə artan rəğbətin fonunda “qiymətləndirir”. Makron hökuməti bir çox ölkələri “ Afrikada Fransanı ovlamaq üçün müəyyən layihələr həyata keçirməkdə” ittiham edir.

Neokolonializm siyasətinin yeni səhifəsi...

Fransa müstəmləkəçiliyinə qarşı qlobal müqavimət artıq özünün mühüm uğurlarını əldə etməkdədir. Cəmiyyətlərin, müxtəlif xalqların və icmaların Makron hakimiyyətinə qarşı etirazları güclənir - prezident Emmanuel Makronun şəkilləri ayaqlar altına atılır, tapdanır. Misal üçün Yeni Kaledoniyada baş verənlər bunun real təsdiqidir. Yeri gəlmişkən, aprelin 13-də Yeni Kaledoniyada 30 mindən artıq insan Fransa hökumətinin davam etdirdiyi müstəmləkəçilik siyasətinə qarşı geniş etiraz aksiyası keçirib. Fransa kolonializminə qarşı təşkil olunan etiraz aksiyasında iştirakçılar Azərbaycan bayrağını hətta mərkəzi meydanda qaldırıblar. Bu da təbiidir. Bakıda neokolonializmə qarşı keçirilən beynəlxalq tədbirlər öz bəhrəsini verir və getdikcə daha çox dövlət bu təşəbbüsü dəstəkləyir.

Parisin neokolonialist simasını ifşa edən növbəti fakt isə aprelin 2-də Fransa parlamentinin yuxarı Palatası - Senatın Yeni Kaledoniyada seçki qanunvericiliyini dəyişmək məqsədilə hökumətin zorla qəbul etdirmək istədiyi qanun layihəsinin lehinə səs verməsidir - həmin layihəyə görə, Parisin Yeni Kaledoniyaya məqsədli şəkildə köçürdüyü insanlar səsvermə hüququna malik olacaqlar. Burada Fransa hökumətinin əsas məqsədi yerli kanak xalqının öz ölkəsində azlıqda qalmasını təmin etməkdir.

Beləliklə, Makronu hazırlaşdığı Mərakeş səfərində nələrlə “rastlaşacağı”, onu hansı sürprizlərin gözlədiyi qiyabən bəllidir. 1950-60-cı illərdən bu yana qeyri-rəsmi dominantlığı altında olan ölkələrin açıq etirazı ilə qarşılaşan Fransa yeni reallıqlarla barışmaq məcburiyyətindədir. Mərakeş səfəri də bu məsələdə əhəmiyyətli rola malik olacaq...

P.İSMAYILOV

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla