AZ

Nehrəm qəsəbəsində 102 ev içməli su ilə təmin olunub

Naxçıvan, 17 aprel, AZƏRTAC

Bu ilin birinci rübündə “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, layihəyə əsasən, qəsəbədə 102 evin içməli su, 482 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb. Həmçinin bu dövrdə Sədərək rayonunun Dəmirçi kəndinin içməli su şəbəkəsinin tikintisi başa çatdırılıb.

Cari ilin ilk 3 ayında suvarma və içməli su mənbəyi kimi istifadə olunan 8 subartezian quyusuna yeni nasos quraşdırılmaqla, ümumilikdə, 88 quyu əsaslı təmir olunub. Eyni zamanda, Culfa rayonunun Dizə kəndinin su təminatını yaxşılaşdırılmaq məqsədilə 1 yeni subartezian quyusunun tikintisi başa çatdırılaraq istifadəyə verilib.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla