AZ

Ən sərt qadağa: Gənclər ömürləri boyu siqaret ala bilməyəcəklər

Böyük Britaniyada gənclərin ömürlük siqaret ala bilməməsini nəzərdə tutan qanun layihəsi parlamentdə təsdiqlənib.

KONKRET.az xəbər verir ki, “siqaretdən azad nəsil” yaratmaq təşəbbüsü çərçivəsində 1 yanvar 2009-cu ildən sonra doğulanlara siqaret satışı qadağan edilib. Çərşənbə axşamı axşam saatlarında təsdiqlənən qanunla bu il 15 yaşı tamam olan uşaqlar ömürləri boyu siqaret ala bilməyəcəklər.

Qanun siqareti deyil, siqaret məhsullarının satışını qadağan edir.

Qanun layihəsi İcmalar Palatasında 383 deputatın təsdiqi ilə qəbul edilib, 67 deputat isə qanun layihəsinə qarşı çıxıb.

Qanun hakim Mühafizəkarlar Partiyası daxilində mübahisə yaradıb. BBC-yə danışan bəzi Mühafizəkarlar Partiyasının deputatları qanunu dəstəkləməyəcəklərini bildiriblər.

Keçmiş baş nazir Boris Conson qanunu “dəlilik” adlandırıb. Consondan sonra ölkənin ən qısa müddətə baş naziri olmuş Liz Truss qanunun insan hüquqlarına zidd olduğunu bildirib.

Qeyd edək ki, tütün istifadəsi İngiltərədə qarşısı alına bilən ölümün əsas səbəbidir. Uzun müddətli istifadəçilərin təxminən üçdə ikisi ölür, hər il 80 min ölüm halı qeydə alınır.

Demək olar ki, hər dəqiqə bir insan infarkt, insult və ağciyər xərçəngi kimi siqaretlə əlaqəli səbəblərdən xəstəxanaya yerləşdirilir.

Səhiyyə naziri Viktoriya Atkins qanunun minlərlə insanın həyatını xilas edəcəyinə və İngiltərədə səhiyyə sisteminə təzyiqi azaldacağına əminliyini ifadə edib. “Reallıq budur ki, tütündən istifadənin təhlükəsiz səviyyəsi yoxdur”, – deyə Atkins vurğulayıb: “Bu, həqiqətən də çox zərərlidir və ona görə də biz gələcək nəsilləri qorumaq üçün bu addımı atırıq”.

Qanun yoxlamalar həyata keçirəcək orqanlara uşaqlara tütün və ya elektron siqaret satdığı aşkarlanan bazarlarda dərhal 100 funt sterlinq cərimə tətbiq etmək səlahiyyəti verir.

Günel Mikayılova,

KONKRET.az

 

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla