AZ

Tokayev İrəvanda bu mesajı verdi - Yeltsin və Nazarbayevdən sonra ilk dəfə...

Bölgədə gərginliyin artması təbii ki, təsirsiz ötüşməyəcək. Azərbaycanla Ermənistan arasında hazırda davam edən sülh prosesinə gərginliyin təsiri ehtimalı azdır. Buna baxmayaraq Azərbaycan və ümumilikdə bölgə üçün risklər baxımından narahatlıqlar var. Cənubdan, şimaldan artan gərginlik burada əsas amil kimi hazırda önə çıxır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

“Azərbaycan Rusiya və İran arasında yerləşən dövlətdir. Hər iki dövlətin aktiv hərbi əməliyyatlarda yer alması mənfi fəsadlar yarada bilər. İrana zərbələr vurulsa, Tehran buna cavab olaraq Bəsrə körfəzini bağlayacaq. Bu da yüklərin daşınmasını çətinləşdirəcək. Azərbaycana gələn bir çox yüklər İran limanlarından daşınır. Eyni zamanda İran üzərindən Naxçıvanla quru əlaqəsi mövcuddur. Toqquşmanın həcmi daha böyük olsa, ekoloji fəsadları qaçılmaz olacaq. İranla yanaşı bölgəyə də mənfi təsir edəcək. Hər bir halda gərginlik müsbət heç nə vəd etmir”, - deyə o qeyd edib.

Millət vəkili Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəri sülh və Zəngəzur dəhlizi ətrafında aparılan danışıqların mahiyyətinə də toxunub:

“Qazaxıstanın vasitəçiliyi, bu ölkədə Azərbaycanla Ermənistan arasında görüşlərin, danışıqların aparılması inandırıcı görünmür. Qonşu Gürcüstan, Tiflis daha əlverişli məkandır. Çünki Qazaxıstana gedib danışıqlar aparmaqdansa, yaxın məsafədə olan Tiflisdə bu müstəvidə müzakirələr daha effektivdir”.

Rasim Musbəyov bildirib ki, vaxtilə Nursultan Nazarbayev, Boris Yeltsinlə Azərbaycanla Ermənistan arasında proseslərin həlli üçün təşəbbüskar olmuşdu:

“Bu nəticə vermədi. Tokayev də indi xoş niyyətini nümayiş etdirir. Qazaxıstanın vasitəçiliyinə ehtiyac yoxdur. Vasitəçilər və görüş olmadan tərəflər sülh danışıqları, yazışmalar apara bilir. Zəngəzur dəhlizi isə Qazaxıstan üçün vacibdir. Qazaxıstanla yanaşı Mərkəzi Asiya ölkələri üçün vacib marşurutdur. Tokayev İrəvanda bu istiqamətdə fikrini çatdırıb. Erməni tərəfinin nə qədər rasional olacağı isə sonrakı prosesdir”.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
25
Mənbələr
Şərh ()
Bağla