AZ

ABŞ Britaniya məhkəməsinə Culian Assanjla bağlı zəmanətləri təqdim edib

ABŞ

London, 17 aprel, AZƏRTAC

Amerika Birləşmiş Ştatları London Ali Məhkəməsinin “WikiLeaks” portalının təsisçisi Culian Assanjın ABŞ-a ekstradisiyası ilə bağlı tələb etdiyi zəmanətləri təqdim edib.

AZƏRTAC “Reuters” agentliyinə istinadən xəbər verir ki, keçən ay Ali Məhkəmə ABŞ səlahiyyətlilərindən Assanjın Amerikaya ekstradisiya ediləcəyi təqdirdə başına nə gələcəyinə dair əlavə zəmanətlər tələb etmişdi. Bu gün ABŞ Britaniya Ali Məhkəməsinə həmin təminatları təqdim edib.

Bu təminatlar məhkəmə tərəfindən qəbul olmasa Culian Assanj ABŞ-a ekstradisiyasına dair məhkəmə qərarına etiraz edə biləcək. Ancaq, verilən zəmanətlər Ali Məhkəməni qane etsə Assanj ABŞ-a ekstradisiya olunacaq.

ABŞ tərəfinin verdiyi təminatlara əsasən, Culian Assanj yeni ittihamlarla üzləşməyəcək, xüsusilə ona ölüm cəzası tətbiq olunmayacaq.

ABŞ-ın verildiyi təminatda bildirilib ki, Culian Assanj "Birləşmiş Ştatların Konstitusiyasına Birinci Düzəlişlə" verilən hüquq və müdafiələri məhkəmədə qaldırmaq və onlara etibar etmək qabiliyyətinə malik olacaq (bu ifadə azadlığını müdafiə edən düzəlişdir - red). Ancaq sənəddə qeyd edilib ki, "Birinci Düzəliş"in tətbiqi ilə bağlı qərar yalnız ABŞ məhkəmələrinin səlahiyyətindədir.

Avstraliya vətəndaşı olan Assanj 2010-cu ilin noyabrından, ilk dəfə həbs olunduğundan bəri Britaniyada müxtəlif məhkəmə çəkişmələrində iştirak edir.

Xatırladaq ki, Culian Assanj bir sıra hökumətlərin, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalının təsisçisidir. Portalda Əfqanıstanda və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin qətli, həmçinin Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayılıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
121
Mənbələr
Şərh ()
Bağla