AZ

Qərbdəki anti-Azərbaycan diarələrin hazırladığı plan:"Beşinci kolon" hərəkətə keçir…

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən sonra öz ərazi bütövlüyünü bərpa etdi. Ötən il sentyabrın 19-20-də keçirilmiş lokal antiterror tədbirləri nəticəsində isə bütün ölkə üzrə suverenliyimizə nail olduq. Hərbi münaqişələrin, siyasi toqquşmaların, bölücülük meyillərinin bütün dünyanı cənginə aldığı bir dönəmdə əldə olunan bu uğurlardan sonra Azərbaycan sülh müqaviləsinin imzalanması istiqamətində addımlarını intensivləşdirdi. Amma o vaxtdan xeyli müddət  keçsə də Ermənistan hələ də öz ampluasındadır. Yəni, ölkəmizin uğurlarını hələ də həzm edə bilməyən havadarlarına, xüsusilə Fransanın “Fatı qalx, Fatı otur” prinsipi ilə hərəkət edən təcavüzkar ölkə  müxtəlif bəhanələrlə sülh prosesindən yayınmaqdadır. Bu isə ölkəmizə qarşı həmişə ikili standartlardan çıxış edən Qərbi və onun beynəlxalq təşkilatlarını əsla maraqlandırmır.  Əksinə, onlar Ermənistanı ölkəmizə qarşı qaldırmaqdan ötrü dəridən-qabıqdan çıxırlar.

Aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan  müştərək konfransı bunu bir daha təsdiq etdi. Bununla da Ermənistanı müxtəlif yollarla, o cümlədən Aİ-nin  Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına  silahlandıran, “mülki” missiya adı altında hərbçilərini sözügedən ölkənin ərazisində yerləşdirən Qərb bir qayda olaraq öz maraqları naminə həmişə qulluğunda durduğu təcavüzkar ölkənin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə, sülhdən uzaqlaşmasına daha bir real şərait yaratdı. Aprelin əvvəlindən bu günədək Ermənistan silahlı qüvvələrinin bölmələrimizin mövqelərini  10 dəfə atəşə tutmasını və həmin təxribatların 9-nun Brüsseldə keçirilən  ABŞ-Avropa İttifaqı-Ermənistan müştərək konfransından sonra qeydə alınmasını başqa cür təqdim etmək mümkün deyil. Bu mənada şərti sərhəddəki həmin təxribatların Brüsseldə planlaşdırıldığını əminliklə söyləmək olar. Elə bu fakt bir daha sübut edir ki, həmin tədbirdə yalnız  Ermənistana ediləcək maddi yardım müzakirə olunmayıb. Yəni, rəsmi məlumat verilməsə də həmin müştərək konfrans adı altında bağlı qapılar arxasında keçirilən üçtərəfli görüşdə bu kimi təxribatlar da gündəmdə olub. Bu isə bir daha təsdiqləyir ki, Qərb, ABŞ Ermənistana ayırdıqları pulların qarşılığında təcavüzar ölkəyə belə təxribatları davam etdirməsini  şərt kimi irəli sürüb. Odur ki, Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdədir. Bu gün dünyanın qaynar qazana çevrildiyi, faktiki olaraq Üçüncü Dünya müharibəsinin getdiyi bir vaxtda rəsmi İrəvan bu kimi davranışları ilə həm də ABŞ-ın və Fransanın hərbi qüvvələrini öz ölkəsinə gətirmək, onları orada möhkəmləndirmək istəyir. Amma hələ də anlamır ki, Qərbin təcavüzkarın “nazı ilə oynaması” haylara pərəstişindən, canıyananlıqdan deyil, Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq, bölgədə yeni müharibə alovlandırmaq, uğurlarını hələ də həzm edə bilmədikləri Azərbaycanı qlobal müstəvidə gedən müharibələrə cəlb etmək niyyətindən qaynaqlanır.

Heç bir dövlətin, beynəlxalq təşkilatın çətiri altına girməyən Azərbaycan  Ermənistandan fərqli olaraq bütün bunları yaxşı dərk edir. Dəfələrlə bildirir ki, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə nail olmağın yeganə yolu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə tərəfsiz, qərəzsiz mövqe sərgiləməkdir. Üçüncü dövlətlərin və ya təşkilatların qərəzli vasitəçi qismində müdaxiləsi vəziyyəti gərginləşdirməkdən başqa bir şey deyil. Elə bu səbəbdən ancaq milli maraqla­rına uyğun siyasət yürüdən Azərbaycan regionda sülhün alternativi yoxdur və vasitəçi lazım deyil iddiası ilə çıxış etməkdə davam edir. Bununla da bütün imkanları daxilində Qərbin planlarını fiaskoya uğratmaqdadır.

Qərbin təxribatları bununla bitmir. Belə ki, bütün bu cəhdləri azmış kimi, anti-Azərbaycan və ermənipərəst dairələrin "beşinci kolon"unu hərəkətə gətirməyə və ölkəmizin daxilindəki sabitliyi pozmağa, xalq-iqtidar birliyini zədələməyə də cəhdlər edir. Başqa sözlə, bu gün Qərb qrant kisələrinin ağzını geniş açmaqla öz əlaltılarını da meydanlarda görmək istəyir. Elə “Milli Şura”nın aprelin 21-nə təyin etdiyi mitinq şousu da bu niyyətin reallaşmasına xidmət edir. Şübhəsiz, regionda və dünyada baş verən hadisələr fonunda raqdikalların belə bir addımı sözün həqiqi mənasında  xainlikdir. Amma onlar bunun fərqində deyillər. Çünki məqsədləri yalnız və yalnız Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən Qərbin dəyirmanına su tökməkdir. Amma həmin mitinqin “cəfakeşləri”, həm də onların havadarları unutmasınlar ki, xalq həmişə öz dövlətinin haqq işini dəstəkləyib və dəstəkləməkdə davam edəcək. Yəni,  Brüsselin kələyinə  uyanların felinə uymayacaq. Bu mənada aprelin 21-nə planlaşdırılan mitinqin indidən fiaskoya uğradığını da birmənalı şəkildə söyləmək olar.

Bəli, Qərb anlamalıdır ki, Azərbaycan güclü dövlətdir və onun cənab İlham Əliyev kimi qətiyyətli lideri var. Belə bir ölkəni isə Qərb nə Ermənistanın, nə də “beşinci kolon”un əli ilə çirkin oyunlara cəlb edə bilməz. Bu mənada rəsmi Bakı onların hər hansı bir addımına adevkat cavab verməyə qadir olmaqla yanaşı, istənilən ssenariyə də hazırdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
150
Mənbələr
Şərh ()
Bağla