AZ

Qalaktikada gizlənən nəhəng üzə çıxdı - Günəşdən 33 dəfə böyükdür

Elm adamları qalaktikamızda ən böyük ulduz qara dəliyini kəşf ediblər. “Gaia BH3” adlı qara dəliyin Günəşdən təxminən 33 dəfə daha böyük olduğu güman olunur. Bu, həmçinin əvvəlki rekordçu “Cygnus X-1”-dən 21 dəfə böyükdür.

Teleqraf.com xəbər verir ki, təxminən 2000 işıq ili uzaqlıqda yerləşən “Gaia BH3” Günəş sisteminə ən yaxın ikinci qara dəlikdir.

Ulduz qara dəlikləri böyük ulduzların qalıqlarından əmələ gələn qara dəlik növüdür. Kifayət qədər böyük bir ulduzun hidrogeni bitdikdə, öz cazibə qüvvəsi altında çökərək, supernova kimi partlayaraq, geridə böyük bir ulduz nüvəsi qoyur.

Ulduz qara dəliklərinin kütləsi adətən Günəşin kütləsindən 5-10 dəfə böyük olur. Bunlar Günəşin kütləsindən milyonlar və ya milyardlarla dəfə çox ola bilən və bizim qalaktika da daxil olmaqla qalaktikaların mərkəzlərində yerləşən superkütləli qara dəliklərlə müqayisədə kütlə baxımından çox kiçikdirlər. Yeni kəşf edilmiş qara dəlik qalaktikamızda ən böyük ulduz qara dəliyi olsa da, Süd Yolunun mərkəzində yerləşən superkütləvi qara dəlik “Oxatan A”-dan çox kiçikdir.

“Gaia BH3” Avropa Kosmos Agentliyinin “Gaia” missiyasının məlumatları təhlil və “Qartal” bürcündə yerləşən ulduzda qəribə hərəkətlər müşahidə edildikdən sonra kəşf edilib. Məlum olub ki, bu hərəkətə “Gaia BH3” adlı qara dəliyin ətrafında fırlanan ulduz səbəb olur. Astronomlar araşdırma nəticəsində onun kütləsinin heyrətamiz şəkildə Günəşin kütləsindən 33 dəfə çox olduğunu üzə çıxarıblar.

Qalaktikamızdakı digər ulduz qara dəliklərinin əksəriyyəti Günəşin kütləsindən 10 dəfə çox deyil, “Gaia BH3” nadir tapıntıdır.

“Heç kim yaxınlıqda gizlənən və hələ kəşf edilməmiş nəhəng qara dəlik tapacağını gözləmirdi. Siz tədqiqat həyatınızda yalnız bir dəfə belə bir kəşfə imza atırsınız”, - araşdırmanın müəllifi, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinə (CNRS) daxil olan Paris Rəsədxanasının astronomu Pasqual Panuzzo deyib.

Yeni kəşf edilmiş qara dəlik və ulduzu haqda daha çox məlumat toplanır, amma 2025-ci ilə qədər tam dərc edilməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
113
Mənbələr
Şərh ()
Bağla