AZ

“Fənərbaxça” əzmkar qələbə qazandı, “Beşiktaş”da Santuş dönəmi bitdi - TURUN İCMALI

Cümə günü keçirilən açılış oyununda “Trabzonspor” gözlənilmədən öz meydanında “Sivasspor”a minimal hesabla boyun əydi.

“Football-plus.az” xəbər verir ki, Bülənt Uyğunun təyinatından bəri Sivas təmsilçisi nəhənglərə uduzmur. “Qalatasaray”dan xal alan, “Beşiktaş”la “Trabzonspor”u məğlub edən “yiğidolar”ın gələn tur evdə “Fənərbaxça” ilə qarşılaşacağını xatırladaq.

Şənbə gününün oyunlarında da bir sıra sürprizlər qeydə alındı. Avrokuboklara vəsiqə qazanmağa çalışan “Kasımpaşa” evdə “Konyaspor”a boyun əydi. “Adana Dəmirspor” fanatları önündə “Kayserispor”un müqavimətini qıra bilməsə də, Şahruddin hesabına daha bir “quru” oyun yazdı. Aşağı pillələri yaxından maraqlandıran matçda “Ankaragücü” “Qaziantep”dən üstün oldu. Yeri gəlmişkən, Türkiyə çempionatı tarixində ilk dəfə məhz bu oyunda əcnəbi VAR hakiminin xidmətindn istifadə olundu. Federasiyanın qərarı ilə 32-ci turdan başlayaraq hər həftənin ən vacib oyunlarına əcnəbi VAR hakimləri təyinat alacaq. Bunun üçün 5 ölkənin - Almaniya, İtaliya, İspaniya, Niderland və Portuqaliyanın federasiyaları ilə razılıq əldə olunub. Bu həftə Türkiyəyə portuqaliyalı hakimlər təşrif buyurmuşdu. Paytaxtdakı oyundan başqa “Fatih Karagümrük” – “Fənərbaxça” və “Alanyaspor” – “Qalatasaray” matçının da VAR hakimi Portuqaliyadan oldu. Şənbə gününün əsas sürprizi “Beşiktaş”ın evdə debütant “Samsunspor”la bacara bilməməsi oldu. Mövsümün kəşfi Semih Kılıçsoy İstanbul nəhəngini erkən önə keçirsə də, komanda qələbə hesabını qoruya bilmədi. Qələbəsiz seriyası 5 oyuna yüksələn “Qartal” 32 tura cəmi 48 xal toplamaqla 3 xallıq sistemdə ən pis 2-ci mövsümünü keçirir. Bundan pis göstərici (32 tura 47 xal) yalnız 1997/98-də qeydə alınıb. Bu xal itkisi rəhbərliyin səbr kasasını daşırdı. Fernando Santuş mətbuat konfransında “kuboka qədər komandanın başında yer alacam” açıqlamasını verəndən cəmi yarım saat sonra istefaya göndərildi! Komanda yanvarın 7-də baş məşqçi vəzifəsinə gətirilən Santuşun dönəmində 16 rəsmi oyundan 7 qələbə, 4 heç-heçə, 5 məğlubiyyətlə ayrılıb. Mövsümün sonuna qədər baş məşqçi səlahiyyətlərini Sərdar Topraktəpə icra edəcək.

Bazar gününün qarşılaşmaları qonaqlar üçün uğurlu alındı. “İstanbul BŞ” “Pendikspor”la matçda əzmkar qələbə qazandısa, sonuncu pillədəki “İstanbulspor” sensasiyalı şəkildə “Hatayspor”u darmadağın edərək elitada son 20 ildəki ən böyükhesablı səfər qələbəsini qazandı. Həmin gün rəqib meydanlarında oynayanlardan yalnız “Antalyaspor” xala həsrət qaldı. Rizədə 3 top buraxan Antalya təmsilçisi bu mövsüm ilk dəfə böyük hesabla uduzdu. Tura düşmə zonasında daxil olan və son 6 turda qələbəsi olmayan “Fatih Karagümrük” çempionluğa oynayan “Fənərbaxça”ya başağrı olmağı bacardı. “Atatürk Olimpiya”dakı matçda meydan sahibləri hətta fasiləyə öndə yollandılar. Amma bu mövsüm çətin keçən matçları dəfələrlə öz xeyrinə çevirən “Fənər” ikinci hissədə yenə ənənəsinə sadiq qaldı. Ceko yaxın küncü dəqiq nişan aldısa, fasilədən sonra meydana çıxan Batşuayi penaltidən qələbə qolunu vurdu. Maraqlıdı ki, təcrübəli belçikalı forvard bu mövsüm superliqada 10 qoldan 7-ni sonradan meydana çıxdığı oyunlarda vurub. Bu, klub tarixinin yeni rekordudu. Əvvəlki rekord 2007/08-də sonradan meydana çıxaraq 6 qol vuran Semih Şəntürkə məxsus idi. Batşuayi bu mövsüm çempionatda yalnız bir dəfə - Kayseri səfərində start heyətində meydana çıxıb və onda da het-trik edib! Superliqada qələbə seriyasını 7, məğlubiyyətsiz seriyanı 21 oyuna çatdıran “Fənər” xalını 85-ə çatdıraraq 32-ci turlar üçün turnirin rekordunu yenilədi.

32-cu tur
Alanyaspor – Qalatasaray 0:4
Barış Alpər Yılmaz, 56; 72. Ziyeş, 61. İkardi, 83.
Fatih Karagümrük – Fənərbaxça 1:2
Can Keleş, 45+1 – Ceko, 49. Batşuayi, 57-p.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel, Çağlar Söyüncü, Sərdar Əziz (Bekao, 72), Fərdi Kadıoğlu, İsmayıl Yüksək, Fred (Zayts, 90+1), İrfan Can Kahveci (Mərt Müldür, 90+1), Kruniç (Batşuayi, 46), Tadiç, Ceko (Sərdar Dursun, 90+6).
Beşiktaş – Samsunspor 1:1
Semih Kılıçsoy, 18 – Əmrə Kılınç, 68.
Beşiktaş: Mərt Günok, Svensson, Nəcip Uysal, Kolli, Zaynutdinov (Umut Meraş, 85), Fernandeş, Raşitsa (Oksleyd-Çemberleyn, 67), Muçi (Cenk Tosun, 85), Gezzal (Abubakar, 77), Muleka, Semih Kılıçsoy.
Trabzonspor – Sivasspor 0:1
Meniq, 52.
Trabzonspor: Uğurcan Çakır, Menye, Mendi, Densvil, Ərən Elmalı, Berat Özdəmir (Fernandes, 66), Umut Günəş (Enis Destan, 80), Visça (Orşiç, 81), Bardi, Trezeqe (Umut Bozok, 46), Pepe (Funtas, 66).
Adana Dəmirspor – Kayserispor 0:0
Adana Dəmirspor: Şahruddin Məhəmmədəliyev, Atal, Qravilyon, Semih Gülər, Məhəmmədi, Maestro, Mişu (Yusuf Barasi, 71), Yusuf Sarı, Əmrə Akbaba, Nani (Mendosa, 46), Balotelli.
Ankaragücü – Qaziantep 3:1
Əfqan Bəkiroğlu, 31; 68. Sou, 65 – Yevtoviç, 7.
Pendikspor – İstanbul BŞ 2:3
Tiam, 18. Midtşö, 56 – Fiqeyredo, 36; 50. Pelkas, 80.
Çaykur Rizəspor – Antalyaspor3:0
Zekiri, 33; 60. Qaiç, 82.
Kasımpaşa – Konyaspor 0:2
Ndao, 21. Gilyerme, 90+8.
Hatayspor – İstanbulspor 0:3
Loşay, 68. Mamadu, 71. Vəfa Temel, 87.
1. Qalatasaray 32 28 3 1 73-20 87
2. Fənərbaxça 32 27 4 1 85-28 85
3. Trabzonspor 32 16 4 12 54-42 52
4. Beşiktaş 32 14 6 12 42-38 48
5. Çaykur Rizəspor 32 14 6 12 43-47 48
6. İstanbul BŞ 32 13 7 12 42-38 46
7. Kasımpaşa 32 13 7 12 55-57 46
8. Sivasspor 32 11 11 10 38-43 44
9. Antalyaspor 32 10 12 10 36-37 42
10. Alanyaspor 32 10 12 10 41-46 42
11. Adana Dəmirspor 32 9 13 10 48-43 40
12. Samsunspor 32 10 8 14 36-42 38
13. Ankaragücü 32 8 13 11 40-41 37
14. Kayserispor (-3) 32 10 10 12 36-45 37
15. Konyaspor 32 8 12 12 34-45 36
16. Hatayspor 32 7 12 13 36-44 33
17. Qaziantep 32 8 7 17 35-50 31
18. Fatih Karagümrük 32 7 9 16 35-41 30
19. Pendikspor 32 7 9 16 36-64 30
20. İstanbulspor (-3) 32 4 7 21 25-59 16
Bombardirlər: Ceko (Fənərbaxça) – 20, İkardi (Qalatasaray) – 19,Manay (Sivasspor) – 16.
Növbəti turun oyunları aprelin 19-22-si aralığında keçiriləcək: İstanbulspor – Fatih Karagümrük, Kayserispor – Trabzonspor, Sivasspor – Fənərbaxça, Beşiktaş – Ankaragücü, İstanbul BŞ – Çaykur Rizəspor, Samsunspor – Adana Dəmirspor, Konyaspor – Alanyaspor, Qaziantep – Kasımpaşa, Qalatasaray – Pendikspor, Antalyaspor – Hatayspor.

Turun rəqəmi
10 – bu tur 10 rəqəmi ilə bağlı iki diqqətçəkən fakt qeydə alındı. Birincisi, “Fənərbaxça” superliqa tarixində bir mövsümün gedişində səfərdə 10 oyunluq qələbə seriyası yaxalayan ilk klub oldu! İkincisi, Semih Kılıçsoy 18 yaş 242 günlüyündə “Beşiktaş”ın heyətində superliqada 10-cu qolunu vurdu. O, Oktay Dərəlioğlunun (18 yaş 127 gün) ardından klub tarixində bir mövsümdə çempionatda 10 qol həddinə çatan ən gənc ikinci futbolçu oldu.

Turun ulduzu
Altin Zekiri (Çaykur Rizəspor) – 23 yaşlı kosovolu vinger əla formadadı. Zekiri “Antalyaspor”la qarşılaşmada dubl edərək komandasının qazandığı inamlı qələbədə böyük rol oynadı. O, son 5 turun 4-də ən azı 1 qolun vurulmasında yaxından iştirak edib. Zekiri bu müddətdə hesabına 4 qol, 3 məhsuldar ötürmə yazıb.

Turun sitatı
Nihat Kahveci, futbol şərhçisi:
“Superkubok matçına çıxmayan “Fənərbaxça”nın futbolçularına nə olduğunu anlamıram. “Olimpiakos”la oyunda ilk 65 dəqiqədə sanki meydanda yox idilər. Bu dəfə isə elitada qalmaq uğrunda oynayan bir rəqibə qarşı matçın ilk yarısını çox bərbad keçirdilər. İlk hissədəki futbola nə ad vermək olar? Belə futbolla qələbələr qazanmaq çətindi. Səviyyə hesabına qalib gəlmək mümkündü. Amma ən azı rəqib qədər istəkli olmalı və ən azı onlar qədər qaçmalısan”.


Oyundan sonra
Fernando Santuş, “Beşiktaş”ın (sabiq) baş məşqçisi:
“Çətin durumdayıq. Son üç oyunumuza baxdıqda deyə bilərəm ki, hər 3 oyunda qələbəyə layiq idik. Amma nədənsə alınmır. Bu gün oyuna yaxşı başladıq və qol da vurduq. Sonra geri çəkilməyə başladıq. Bunun qarşısını almaq və irəlidə yaradıcılığı artırmaq üçün Oksleyd-Çemberleyni meydana buraxdım. Məhz elə həmin məqamda qol buraxdıq. Oyunçularım çox üzgündü. Çünki hər kəs qalib gəlmək istəyirdi. Deyiləcək çox şey yoxdu. Fasiləyə qədər 1-dən artıq qol vurmalıydıq. Fasilədə oyunçularıma eyni futbolu davam etdirməyi tapşırdım. Amma geri çəkildilər. Rəqibimiz, demək olar ki, qol epizoda olmayan bir vəziyyətdən qol vurdu. Futbolda belə şeylər olur. Türk dilində bilmədiyim üçün fanatların nə qışqırdığını anlamıram. Nəticələr yaxşı olmadığı üçün onların narazılıq bildirməyə haqqı çatır. İstefa vermək niyyətim yoxdu. Bura nə üçün gəldiyimi bilirəm və işimi görürəm. Kuboku qazanacağıq. Kubok çempionatdan fərqli turnirdi. Ən azı kubokun finalına qədər komandanın başında olacam”.


İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi:
“İlk yarıda sərgilədiyimiz futbol bizə yaraşmadı. Rəqibimiz oyuna çox yaxşı hazırlaşmışdı. İstədiklərimizi həyata keçirə bilmədik. Rəqib də buna imkan vermədi. Fasilədə oyunçularımı ayıltmağa, silkələməyə çalışdım. Həm bu, həm də uğurlu əvəzetmə bəhrəsini verdi. Hətta daha böyük hesabla da qalib gələ bilərdik. Əla fürsətlərimiz var idi. Belə ağır bir təqvimdən keçdiyimiz məqamda çempionluq yolunda çox mühüm qələbə qazandıq. Tolunay Kafkası və komandasını təbrik edirəm. Bizə həqiqətən də çətin anlar yaşatdılar. Şimanski və Mərt Hakan Yandaşın yoxluğunda oyun qurucusu mövqeyində Kruniçi oynatdıq. Boşa verdiyi gözəl fürsət ona psixoloji cəhətdən təsir etdi. Bizim üçün dəyərli futbolçudu. Livakoviç “Fənərbaxça”ya gəldiyi gündən bəri ən yaxşı oyununu sərgilədi. Onu da təbrik edirəm”.


Abdulla Avcı, “Trabzonspor”un baş məşqçisi:
“Əslində rəqibin 5 müdafiəçi ilə oynayacağını bilirdik. Yaxşı hazırlaşmışdıq. Oyun istədiyimiz kimi başladı. İlk yarıda qol vurmaq üçün fürsətlərimiz var idi. Amma hər dəfə ötürmənin sürətini düzgün müəyyənləşdirə bilmirdik. Belə rəqiblərə qarşı oyunda hesabı açanda daha rahat olur. Çünki rəqib riskə getməyə və müdafiədə boşluqlar verməyə başlayır. İkinci hissədəki futboldan razı qalmadım. Qol gəlməyincə oyun intizamından qopduq və duyğularımız bir-birinə qarışdı. Topa nəzarət etsək də, ciddi təhlükə yarada bilmirdik. Həm də ikili mübarizələrdə çox yumşaq oynadıq. Daha sərt olmalıyıq. Məsələn, qol buraxdığımız epizodda Manay dörd futbolçumuzun arasından çıxaraq məhsuldar ötürmə verdi. Belə şeylər bizə yaraşmır. Hər şeyə rəğmən, hələ də 3-cü pillədəyik və sona qədər bu mövqeyimizi qorumaq istəyirik”.
Seçilən
92
Mənbələr
Şərh ()
Bağla