AZ

Əli Kərimlinin mitinq həvəsi «boykot»la nəticələnəcək

Erməni lobbisinini və havadarlarının qrantlarını milli təəssübdən üstün tutan AXCP-in xəyanətkar sədrinin anti-Azərbaycan dairələrə xidməti xalqımıza arxadan vurulan zərbədir

Anti-Azərbaycan, ermənipərəst dairələrdən aldıqları sifarişlərin, ağalarına göstərdikləri «xidmətlərin» qarşılığında 21 aprel tarixinə mitinq təyin edən «demokratik qüvvələrin» oyuncaq «Milli Şura»sı yenidən canlanıb. Özünü «Milli Şura»nın, AXCP-nin əvəzedilməz sədri hesab edən Əli Kərimlinin xəyanətkar «ideyasından» qaynaqlanan mitinqin təşkili üçün Bakı Şəhər İcra Hakimiyyətinə üç məkanın- paytaxtın 28 May, Nərimanov metro stansiyalarının qarşısındakı meydanların və «Məhsul» stadionunun təklif olunması bataqlıq təfəkkürlü Əli Kərimlinin hələ də «köhnə hamam, köhnə tas» paslı düşüncəsindən ayılmadığını göstərir

AXCP sədri Əli Kərimli, siyasətə qayıdışının anonsu səsləndirilən Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər başda olmaqla özlərini «demokratik qüvvələr» adlandırsalar da daim xalqa müxalif cəbhədə dayanan radikalların hakimiyyətdə olduqları qısa müddətdə ölkədə yaratdıqları xaotik vəziyyəti Azərbaycan xalqı unutmayıb. İqtidarda olduqları dövrdə ölkəni bürüyən iqtisadi, siyasi, sosial böhranlar, artan cinayətkarlıq, korrupsiya, rüşvətxorluq, vətəndaş qarşıdurması, Azərbaycanın bir dövlət kimi varlığının şübhə altında qalması insanların gələcəyə ümidini itirmişdi. Hakimiyyətdə olduqları dövrdə jurnalistlərə kağız yedirdənlər, maşınların baqajında polis bölmələrinə aparanlar, bu əməllərini cəmiyyətə «demokratiya, mətbuat, söz azadlığı» kimi təqdim edənlər, ölkənin cənubunda «general» Əlikram Hümbətovun «Talış-Muğan respublikası»na, şimalında «sadvalçı» separatçılara «yaşıl işıq» yandıranlar Azərbaycanı uçuruma, xalqı isə məhvə sürükləyirdilər. Özlərini «azərbaycansevərlər», «demokratlar», «vətənpərvərlər» hesab edən bu zümrəyə ən layiqli qiyməti sabiq Prezident Əbülfəz Elçibəy « tankın qabağında dayanan oğlanlar bu gün pulun qabağında dayana bilmirlər» sözləri ilə vermişdir. «Xalq deyir ki, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən. Bu xalq əgər, imperiyadan canını qurtardısa, gələcəkdə onun əlindən burada əyləşən adamların canı qurtarmayacaq. Deyin görüm, respublikanı niyə dağıdırsınız? Camaat yollarda oturub ata-anamızın qəbrini söyür… Bizdə demokratiya anarxiya halını alıb. İndiki şəraitdə Azərbaycan dövlətini, Azərbaycan hüququnu qorumaq olmaz» sözləri də rəhmətlik Əbülfəz Elçibəyə məxsusdur.

Bu gün obyektivlikdən, haqq-ədalətdən dəm vuran, özünü xalqa canıyanan vətəndaş hesab edən Əli Kərimliyə AXC-Müsavat hakimyyətinin 1993-cü il mayın 25-də Prezident Aparatında hüquq-mühafizə orqanları işçilərinin iştirakı ilə keçirilən müşavirədə söylədiyi sözləri xatırladaq: « Xalqın böyük narazılığına səbəb olan bir qüsurumuz da iqtisadi sahədə cinayətkarlığın baş alıb getməsidir. İqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq- aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması və bir sözlə dövlət əmlakının talan edilməsi adicə hala çevrilib. Biz bunu etiraf etməliyik. On milyonlarla dollar hələ də xaricdə, ayrı-ayrı adamların hesablarında saxlanılır və biz yaddan çıxarmamalıyıq ki, bu dövlət əmlakıdır və dövlət əmlakının mühafizəsi bizə tapşırılıb.» Hakimiyyətdə olduqları müddətdə, hələ rəsmi özəlləşdirmə prosesi başlamamış kütləvi hal alan dövlət əmlakının, dövlət maşınlarının qeyri-qanuni yollarla mənimsənilməsini ölkəni bürüyən «bespredel» adlandıran AXC-Müsavat iqtidarının dövlət katibi Əli Kərimlinin «Respublikada mafioz qüvvələr güclənir və onlar ölkəni, demək olar ki, idarə edirlər», o dövrdəki baş prokurorun «İflic vəziyyətində olan dövlət aparatının özü rüşvətxorluqla məşğuldur və rüşvətxorluğa qarşı mübarizə dövlət aparatından başlanmalıdır», ədliyyə nazirinin «Hakimiyyətimiz dövründə rüşvətxorlruq kommunist dövründəkindən də çoxdur», Ali Məhkəmə sədrinin «Nazirlər Kabineti bu gün milyarderlərdən ibarətdir» sözlərini hazırda düzlükdən dəm vuran «islahatçı sədr» Əli Kərimli kimi, onunla birgə hakimiyyəti idarə edən ətrafındakılar da xatırlayır. Bu kimi faktlar istənilən qədərdir.

Amma maraqlıdır görəsən, dünya birliyində artan mövqeyi, güclənən siyasi, iqtisadi, hərbi qüdrəti ilə müqayisədə iqtidarda olduqları müddətdə etdikləri cinayətləri etiraf etməyən əlikərimlilərin susan vicdanları nə vaxt dilə gələcək? Həqiqət budur ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran, 30 il işğal altında qalan torpaqlarımızı azad , Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edən, bir günlük lokal xarakterli antiterror əməliyyatı ilə erməni separatizminin birdəfəlik ləğvinə, suverenliyimizin tam bərpasına nail olan Azərbaycan xalqı bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bərpa-quruculuq işlərində fəallıq göstərir. Bu ilin fevral ayında respublikamızda keçirilən prezident seçkilərində ölkə vətəndaşlarının kütləvi iştirakından, dövlət başçımız İlham Əliyevin qələbəsindən əndişələnən radikallar 21 apreldə insanları meydanlara toplayacaqlarını ümid etsələr də iştahaları qursaqlarında qalacaq. Böyük Qayıdışın ilk mərhələsi kimi işğaldan azad edilmiz Füzuliyə, Zəngilana, Laçına qayıdan insanlar doğma ocaqlarında məskunlaşırlar. Xankəndidə keçirilən hərbi parad, şəhərin mərkəzi stadionunda təşkil olunan futbol oyunu, Zəfər meydanında alovlanan Novruz tonqalı, Xocalı şəhidlərinə xatirə abidəsinin təməlinin qoyulması, yenilənən, bərpa olunan yol-nəqliyyat , enerji infrastrukturu, qısa müddətdə inşa edilən beynəlxalq aeroportlar haylara, separatçılara, eyni zamanda, ermənipərəst dairələrin əlində oyuncağa çevrilən daxili satqınlara, antimilli xəyanətkarlara öldürücü zərbə oldu.

Əslində 21 aprel mitinqinin məqsədi cəmiyyətdə növbəti qarşıdurma yaratmaq, sifarişlərini yerinə yetirdikləri anti-Azərbaycan dairələrdən daha çox dollar qoparmaqdır. Digər səbəb isə radikallar arasında güclənən rəqabətdir. Xarici təşkilatlardan satqınlıqları qarşılığında aldıqları vəsaiti təkbaşına mənimsəyən Əli Kərimlinin « xəyanət bazarına» əl uzadıb, qrantlarına şərik çıxmaqdır. Yəni, illərdən bəri radikal düşərgədə davam edən rəqabəti gücləndirəcək parlament seçkiləri ərəfəsində xarici ağalarının sifarişlərini yerinə yetirmək yarışı, mitinq həvəsi daha çox qrant qazanmaq baxımından yaranmış fürsətdir. Xatırladaq ki, mitinq keçirməklə nəyəsə nail olacağını fikirləşən Əli Kərimli tayfası bu cür «təcrübələrinin» acı nəticələrini əvvəlki illərdə də yaşamışdır. Amma insanları pulla aldadaraq mitinqlərə cəlb etmək dövrü artıq arxada qalıb. «Planlaşdırılan mitinq» çağırışları radikalların cəmiyyətdə ixtilaf yaratmaq niyyətlərinə xidmət edir

Aydındır ki, respublikamızda, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərinin sürətli davamına töhfələr verən xalqımız illərdən bəri arxivin küncünə atılmış radikalların məkrli və xain niyyətlərinə «yox» deyəcək, dövlətə qarşı olan heç bir avantürada iştirak etməyəcək. İqtidar tərəfindən təklif olunan qarşılıqlı dialoqlarda iştirakdan imtina edən AXCP, «Milli Şura», «Müsavat» Partiyasının «başbilənlərinin» ölkəmizdə söz, mətbuat, sərbəst toplaşmaq azadlığının yoxluğundan gileylənməyə haqları yoxdur. Belə nəticəyə gəlmək olar ki, siyasi dialoqlarda açıq müzakirələrdə deməyə sözü olmayan, fikir azadlığını inkar edən və sağlam rəqabətə hazır olmayan radikalların hər zaman olduğu kimi, yenə də tək ümidləri küçə yürüşləri, iğtişaşlardır. Azsaylı anti-Azərbaycan satqınlar, radikallar unudurlar ki, siyasi dialoqlarda iştirakın özü sərbəst toplaşmaq niyyətindən qaynaqlanan demokratik islahatların bariz nümunəsidir. Belə dialoqlardan çəkinmək, siyasi kampaniyalarda sosial bazaları olmadığı üçün «boykot» taktikasından istifadə radikalların siyasi arenada mövcudluğunu, mənəvi haqlarını itirmələrinin təsdiqidir. Regionda və dünyada yaşanan hadisələr fonunda insanları küçə iğtişaşlarına çağırmaq müstəqilliyimizə, suverenliyimizə xəyanət, məsuliyyətsizlik, xarici anti-Azərbaycan dairələrin, erməni separatçılarının dəyirmanına su tökməkdir.

21 aprel mitinqinin fərdi qərara uyğun deyil, AXCP və «Milli Şura» təmsilçilərinin birgə rəyi ilə keçirilməsi təklifini ictimailəşdirməklə özünü sığortalayan Əli Kərimli «mitinqlərə icazə verilmədiyi halda» növbəti dəfə sudan quru çıxmaq metodunu təkrarlayır. Sosial bazası olmayan «islahatçı sədr» respublikada keçiriləcək parlament seçkilərində istifadə edəcəyi « boykot» üçün zəmin hazırlayır.
 Əli Kərimli kimi, digər radikallar da yaxşı bilirlər ki, Azərbaycanda həyata keçirilən demokratik islahatlar digər ölkələrə nümunə göstərilir. Əli Kərimli, «Milli Şura» üçün isə əsl demokratiya Ermənistanda söz, mətbuat azadlığına qoyulan qadağalar, bağlanan televiziya kanalları, həbs olunan jurnalistlər, ABŞ-da qaradərililərin, Parisin küçələrində dinc aksiya iştirakçılarının polisin fiziki zorakılığına məruz qalmalarıdır. Qərb ölkələrində güclənən islamofobiya, ksenofobiya, millitarizm, dini, irqi ayrı-seçkilik, miqrantlara göstərilən ədalətsizlikdir.

Ölkəmizdə keçirilən biri-birindən əhəmiyyətli tədbirlərdə iştirak edənlərin Azərbaycanın siyasi, iqtisadi qüdrəti, dəstəklənən diplomatik səyləri barədə dedikləri xoş sözləri eşitməyən və yaxud eşitmək istəməyən antimilli xəyanətkarların yeganə məqsədi Azərbaycan haqqında yalanları, böhtanları tirajlamaqla xarici ağalarından daha çox qrant almaqdır. Mitinqin əsas tələbləri kimi irəli sürülən
seçki komissiyalarında real müxalifətin təmsilçiliyinin təmin olunmaması təklifi doğrudan da gülüncdür. Ötən seçkilərdə məntəqələrdə təmsil olunmaq üçün nümayəndə tapılmayan AXCP və «Milli Şura» yenə də suyu bulandıraraq özlərinə haqq qazandırmağa çalışırlar. Dövlətin aztəminatlı ailələrin müdafiəsinin təmini üçün həyata keçirilən «sosial paket»lərdə nəzərdə tutulan imtiyazları görməyən əlilərin siyasi korluğuna şübhə qalmır.

Son günlərdə dünyada, regionda baş verən proseslərdən yararlanmağa, Ermənistana, onun havadarlarına yarınmaq üçün ölkədə qarışıqlıq salmağa çalışan milli xəyanətkarların böhtanları bölgədə geosiyasi mövqeyi möhkəmlənən Azərbaycana arxadan vurulan zərbə, ermənipərəstlərə xidmətdir.

Mitinq olsun. Amma bu şərtlə ki, Əli Kərimli iqtidarda olduqları müddətdə törətdikləri cinayətləri, «yaşıl işıq» yandırdıqları korrupsiyaları ruşvətxorluqları, ölkədə yaratdıqları qarşıdurmaları, separatizmə, terrorçulara dəstəklərini, Azərbaycanın müstəqilliyinə, türk birliyinə vurduqları xəyanətləri də etiraf etsin.

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
109
Mənbələr
Şərh ()
Bağla