AZ

“Fənərbaxça” və Edin Dzeko üçün əlamətdar oyun

Türkiyə Super Liqasının 32-ci turunda “Fatih Karagümrük”lə səfər matçı “Fənərbaxça” və kapitanı Edin Dzeko üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, İstanbul təmsilçisi bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.

Bununla da “sarı-lacıvərdlilər” Super Liqada bir mövsüm ərzində ardıcıl 10 səfər oyunundan qalib ayrılmış ilk komandaya çevrilib.

Bu mövsümün 15-ci turunda “Beşiktaş”ı səfərdə 3:1 hesabı ilə məğlub edən “Fənərbaxça” ondan sonra ardıcıllıqla bu komandaları da onların meydanında məğlub edib:

“Kayserispor” – 4:3
“İstanbulspor” – 5:1
“Qaziantep” – 1:0
“Başakşəhər” – 1:0
“Antalyaspor” – 2:0
“Rizəspor” – 3:1
“Hatayspor” – 2:0
“Trabzonspor” – 3:2
“Fatih Karagümrük” – 2:1

“Fənər”in Bosniya və Herseqovinadan olan ulduz mərkəz hücumçusu Edin Dzeko da “Fatih Karagümrük”lə oyunda fərqlənməklə Super Liqada 20-ci qolunu vurub. Bu oyundan əvvəl vurduğu 19 qolla Türkiyə çempionatının bombardirlər cədvəlinin zirvəsində olan 38 yaşlı futbolçu 49-cu dəqiqədə rəqib qapısına yol tapmaqla yubiley topunu vurub. Bosniya və Herseqovinadan olan forvard Super Liqada bu uğura imza atan 5-ci əcnəbi futbolçu olacaq. Daha əvvəl 20 qola çatan oyunçular Enner Valensiya, Aleks de Souza, Pyer Van Hoydonk və Elvir Boliç olmuşdu.

Xatırladaq ki, “Fənər” Türkiyə Super Liqasının cari mövsümündə keçirdiyi 32 oyunda 85 xal toplayıb və 2-ci pillədə qərarlaşıb. İstanbul təmsilçisi əzəli rəqibi “Qalatasaray”dan cəmi 2 xal geri qalır.

Bosniya və Herseqovina yığmasının da üzvü olan Edin Dzeko isə 2023-cü ilin yayından “Fənərbaxça”da çıxış edir. 38 yaşlı forvard Türkiyə klubunun heyətində indiyə qədər 40 oyuna çıxıb, 24 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.

Dzeko Bosniya və Herseqovina yığmasında keçirdiyi oyunların (134) və vurduğu qolların (65) sayına görə mütləq rekordçudur. Onun hesabında 28 məhsuldar ötürmə də var.

“Transfermarkt” internet-portalı Edin Dzekonu 3 milyon avro məbləğində qiymətləndirir.

Bahar Rüstəmzadə

Seçilən
109
Mənbələr
Şərh ()
Bağla