AZ

“Krandan su içilməsi məqsədəuyğun deyil, amma...” - Professordan mühüm AÇIQLAMA

İnsan orqanizminin orta hesabla 60%-i sudan ibarətdir və onun lazımi fəaliyyəti üçün kifayət qədər suyun qəbul edilməsi tələb olunur.

Həkimlər bir qayda olaraq yetkin şəxslərə gündə 1,5-2 litr su içməyi tövsiyə edirlər.

Lakin, qəbul edilən suyun miqdarı ilə yanaşı, onun keyfiyyəti də çox önəmlidir.

Bakıda əhaliyə verilən içməli suyun tərkibi məsələsi isə tez-tez müzakirələrə səbəb olur. Bəzən su kranını açdığımız zaman pas, palçıq gəlir, süzgəclərdə zibil toplanır. Bu suyu qaynadan zaman da xeyli ərp yığılır. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan  tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, təmiz su ehtiyatları problemi hazırda bütün dünyada aktualdır:

“İçməli su problemi getdikcə bütün dünyada aktuallaşır. Əvvəla, içməli su ehtiyatları tükənməkdədir, ikincisi, su hövzələrinin çirklənməsi artır, getdikcə su hövzələrinin durumu insanların fəaliyyəti nəticəsində pisləşir. Bu məsələlərin hər ikisi çox aktualdır. Hər bir ölkə öz su ehtiyatlarını qoruyub saxlamağı bacarmalıdır. Azərbaycanda hələ illər öncə Aerokosmik agentliyin apardığı tədqiqatlar vardı, bu tədqiqatlar nəticəsində aydın oldu ki, Ermənistanın Qafan və Qacaran ərazisində yerləşən kimyəvi zavodlarının tullantıları Araz su hövzəsinə axıdılır və buranı çirkləndirir. İçməli suyun tərkibində çoxsaylı fenol, ağır metal duzlarının və digər zərərli maddələrin aşkar edilməsi böyük narahatlıq doğururdu. Sovet dövründə Sabirabad rayonunda yerləşən bioloji süzgəclər vardı. Orada içməli su poliakrilamid maddəsinin köməyi ilə təmizlənirdi”.

Professor bildirib ki, ölkəmizdə verilən su krandan içməyə uyğun deyil:

“Hazırda içməli su Kür çayından. Oğuz kanalından, bir balaca da Şollar suyundan Abşeron və Bakı əhalisi təmin edilir və burada da daha çox xlordan istifadə edilir.

Əlbəttə ki, krandan su içilməsi məqsədəuyğun deyil, amma yaxşı olar ki, müxtəlif süzgəclərdən istifadə edilərək həmin sular çiy halda içilsin.

Əhali suyu təmizləmək üçün müxtəlif üsullardan istifadə edir, bəzisi suyu daşdan süzür, bəzisi xüsusi filterlərdən istifadə edir. Bu zaman suyun tərkibindəki faydalı minerallar saxlanılır, zərərli maddələr filterdə qalır. Hazırda effektiv süzmə daha çox məşhur firmaların filterləri vasitəsilə mümkündür. Bu zaman suyun dad xüsusiyyətlərinin də saxlanılmasına diqqət etmək lazımdır”.  

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Seçilən
82
Mənbələr
Şərh ()
Bağla