AZ

Harri Keyn Nagelsmanın “Bayern”ə mümkün qayıdışından danışdı

“Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn ÇL-in 1/4 finalının “Arsenal”la cavab oyunu ərəfəsində fərqli bir xüsusda sualı cavablayıb.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən məlumat verir ki, Keyn cavabında, “Bayern”in sabiq çalışdırıcısı, alman mütəxəssis Yulian Nagelsmanın yenidən Münhen komandasının sükanı arxasına keçəcəyi haqda yayılmış xəbərlərə münasibətini açıqlayıb:

“Düzünü desəm, onu çox yaxşı tanımıram. Gələn mövsüm üçün baş məşqçi ilə bağlı vəziyyəti də tam bilmirəm. Bircə onu bilirəm ki, Tomas Tuxel mövsümün qalan hissəsində buradadır. Bütün diqqətimi isə buna yönəldirəm. Klubun verməli olduğu bir qərar var. Əminəm ki, onlar bütün namizədləri nəzərdən keçirirlər, ən yaxşı həll yolunu isə tapmağa çalışırlar. Amma oyunçular olaraq biz Tomasa tam hörmət göstərməliyik. Çünki mövsümü yaxşı başa vurmaq üçün sabah axşam bizi böyük oyun, eləcə də Bundesliqa oyunları gözləyir”, deyə Keyn qarşıda “Arsenal”la Çempionlar Liqasının 1/4 finalında cavab oyuna işarə vurub.

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bayern” – “Arsenal” cavab oyunu aprelin 17-də Münhendə keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında Londonda keçirilmiş ilk oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 39 qol vurub, 12 məhsuldar ötürmə verib.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis hücumçunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla