AZ

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

BDU-da

Bakı, 16 aprel, AZƏRTAC

Aprelin 20-də saat 11.00-da Bakı Dövlət Universitetində (BDU) ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək. Olimpiadanın təşkilatçıları BDU, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzidir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, olimpiadanın final mərhələsinin qalibləri bu il 17-26 avqust tarixlərində Braziliyada keçiriləcək XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar. Hazırlıq dərsləri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən Mərkəzdə təşkil olunacaq. Bundan əlavə, qaliblər üçün Şamaxı Astrofizika Rəsədxanasında yay məktəbi və “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən teleskoplardan istifadə qaydaları ilə bağlı təlimlər təşkil olunacaq.

Qaliblər Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Təhsil İnstitutunun dəstəyi ilə iştirak edir. IV Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə keçirilir.

Seçilən
64
5
Mənbələr
Şərh ()
Bağla