AZ

Felipo Anderson “Latsio”nu tərk edəcəyini açıqladı

“Latsio”nun braziliyalı sağ vingeri Felipe Anderson cari mövsümün sonunda Roma təmsilçisinin düşərgəsini tərk edəcək.

Arena.az xəbər verir ki, braziliyalı futbolçu İtaliya klubundan azad agent qismində ayrılacaq.

Bu barədə 30 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında bildirib. O, Roma təmsilçisi ilə müqaviləsinin müddətini uzatmayacağını bildirib və indidən klubu ilə vidalaşıb. Yarımmüdafiəçi yeni mövsümdən etibarən başqa klubda çıxış edəcək.

İtaliya mətbuatının yazdığına görə, Anderson “Yuventus”un ciddi marağı mənzərəsində 3 illik müqavilə təklifinə rəğmən, vətəni Braziliyaya qayıtmağı üstün tutub. O, “Palmeyras”da çıxış edəcək. Tərəflər arasında müqavilənin artıq bağlandığı da bildirilir.

Vurğulanır ki, Andersonun Braziliyaya qayıtması haqda qərarı ailə səbəbi ilə əlaqədardır.

Xatırladaq ki, Felipe Andersonun “Latsio” ilə müqaviləsi cari ilin iyun aynın sonunda başa çatacaq.

Felipe Anderson “Santos”un yetirməsidir. Braziliyalı vinger karyerası ərzində “Latsio”, “Vest Hem” və “Portu”da çıxış edib. Andersonun Avropa futboluna gəlişi “Latsio”nun adı ilə bağlıdır. 2013-cü ilin iyulunda braziliyalı vingeri “Santos”dan 7,5 milyon avro məbləğ müqabilində transfer etmiş “qartallar”, 2018-ci ilin iyulunda Andersonla yollarını ayırmaq qərarına gəliblər. “Latsio” Andersonu 38 milyon avro məbləğ müqabilində “Vest Hem”ə satıb. 2021-ci ilin iyulunda isə “Latsio” braziliyalı vingeri 3 milyon avro müqabilində elə, “Vest Hem”dən də öz düşərgəsinə qaytarıb.

Cari mövsümdə Felipe “qartallar”ın heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 5 qol vurub, 7 məhsuldar ötürmə verib. Braziliyalı vingerin Roma klubunda çıxışının ümumi mənzərəsi rəqəmlərin gözü ilə belə görünür: 319 oyun, 58 qol, 63 məhsuldar ötürmə.

Felipe Anderson 2015-ci ilin iyununda debüt etdiyi Braziliya millisinin heyətində cəmi 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Braziliya millisi ilə Felipe 2016-cı il Rio-de-Janeyro XXXI Yay Olimpiya Oyunlarında futbol yarışının qalibi olub.

Felipe Andersonun qənimətlər muzeyində “Santos”la qazandığı Libertadores Kuboku (2010/2011), Cənubiamerikan Rekopası (2011/2012), həmçinin “Latsio” ilə qalib olduğu İtaliya Super Kuboku (2017/2018) var.

“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı vingerun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, bugünlərdə paytaxt klubunun digər futbolçusu Luis Alberto da mövsümün sonunda ayrılacağını açıqlamışdı.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla