AZ

“İran-İsrail qarşıdurması müharibəyə çevrilsə...” — Cənubi Qafqazı nə gözləyir?

“İranla İsrail arasında müharibə başlayarsa, bu, Cənubi Qafqaza da təsir edəcək. Müharibə Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda ciddi problemlər ortaya çıxara bilər. Nəticə etibarı ilə bölgə miqrasiya böhranına və İrandan böyük qaçqın axınına məruz qala bilər”. 

Bunu Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, İran-İsrail qarşıdurmasının miqyası genişlənərsə, bölgədə və dünyada gərginlik arta bilər:

“İndiki halda İranın daha geniş miqyaslı müharibə aparacağını ehtimal etmirəm. Çünki artıq İran tərəfi də hücumları dayandırdığını bildirdi. İsrail tərəfi də elan etdi ki, ABŞ ilə aparılan danışıqlardan sonra məsələ dayandırıldı. Bunu genişmiqyaslı müharibəyə çevirmək elə də asan məsələ deyil. Çünki İranın İsraillə müharibə aparması dolayısı ilə İranın Amerika və NATO ilə müharibə aparması deməkdir. Bu, daha böyük bir müharibəyə çevrilə bilər. Çünki İran ərazisində Çinin milyardlarla dollar investisiyası var. Çin üçün müharibə maraqlı deyil. İsraillə Çin arasında ticarət əlaqələri var. Burada da Çinin marağı zərbə altına düşür. Eyni zamanda Amerikanın özü belə tam olaraq İranın İsraillə qarşı-qarşıya gəlməsini istəmir, ən azından Rusiya-Ukrayna müharibəsi fonunda. Çünki ikinci bir cəbhənin açılması diqqətlərin Ukraynadan Yaxın Şərqə yönəlməsinə gətirib çıxara bilər. Necə ki, bunu Həmas-İsrail qarşıdurmasında artıq hiss etmişik”.

Politoloq vurğulayıb ki, müharibə ehtimalı təhlükəsizlik məsələsini də gündəmə gətirir:

“Müharibə terrorçuluqla mübarizədə Azərbaycan, Gürcüstan və Ermənistanın çətinliyə düşməsinə səbəb ola bilər. Onsuz da Ermənistanda terrorçuluq var, amma Azərbaycan və Gürcüstan üçün bu, ciddi  problem yarada bilər. Çünki İrandan gələn qaçqınlar içərisində kimin terrorçu olub-olmadığını tam olaraq müəyyən etmək çətin olacaq. Üçüncü dünya müharibəsinin baş vermə ehtimalı azdır. Amma İran-İsrail qarşıdurması genişlənib müharibəyə çevrilsə, nəticələri Cənubi Qafqaza da təsir edəcək”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
92
Mənbələr
Şərh ()
Bağla