AZ

30 min manatlıq telefon nömrəsi: Buna görə işlədirlər – Sirr açıldı

Elə adamlar var ki, onlar bahalı əşya, geyim almağı, qiyməti yüksək olan mobil telefon işlətməyi sevir. Bir də bahalı telefon, maşın nömrələrinin həvəskarı olan şəxslər var. Hətta 30 min manata telefon nömrəsi alanlar da var. 

Bəs niyə bu şəxslər özlərini bu kimi şeylərlə tətmin etməyi sevir? Onları xoşbəxt edən puldur? Bəlkə bu məsələnin təməlində tamam fərqli səbəblər var?

Psixoloq Aytən Ələkbərova “Yeni Sabah”a həmin məsələnin görünməyən tərəflərindən danışıb:

“İnsanlar özlərinə qarşı münasibətdə “mən”in mənfi emosiyalarından qorunmaq, özünə hörməti nisbətən sabit formada saxlamaq üçün bahalı telefon və maşın nömrələrindən istifadə etməyə başlayır. Amma özünü tərbiyə edən və daxili cəhətdən inkişafa yönəldən insanlarda bunu görmək mümkün deyil. Elə şəxslər var ki, onlar şəxsiyyət olaraq formalaşır və özünü cəmiyyətdə əməyi ilə inkişaf etdirir ki, bu cür irəliləyən şəxslərdə həmin sadalanan xüsusiyyətlər nəzərə çarpmır. Belə adamlar karyerada, iş sahəsində yatırım edərək, yaxud özünüinkişaf yollarını müəyyənləşdirərək özünü və dəyərini dərk edir, şəxsiyyətlər arasında münasibət qurmağı bacarır”.

A.Ələkbərova bildirib ki, bahalılıq həvəskarı olan şəxslər sonunda öz adını “dələduz”a çıxarır:

“Amma bir də var ki, insan özünə hökm etməyə çalışır. Bu da hakimanə təsir adlanır. Bahalı əşyalar, nömrələr almaq da insanın öz-özünə hökm etməsindən irəli gəlir. Özünə əmr etməyin nə olduğuna baxsaq, bir sıra ədəbiyyat əsərlərində də bunu görmək mümkündür. Məsələn, Lev Tolstoy əsərlərindəki qəhrəmanları özünə hökm edən obrazda təsvir edib. Ancaq həmin əsərlərdə bu xüsusiyyət müharibə şəraitində çox başqa cür göstərilib. Bir də bu halın təhrikedici forması var. Özünə hökm etmə təhrikedici stimul rolunu oynayan zaman insan özünü qiymətli şəxs kimi təqdim etməyə başlayır. Bu isə özünü mənfi qiymətləndirmə adlanır. Belə adamları psixoloqlar görən kimi tanıyır və başa düşür ki, onlar dunning kruger sindromundan əziyyət çəkir. Həmin sindroma cahilliyin verdiyi cəsarət də deyilir. Bu sindromdan əziyyət çəkən insanlar bahalı şeylər alaraq qarşısındakı adamı bir növ manipulyasiya etməyə çalışır ki, mən bunu etməyi bacarıram, mən buna qadirəm. Sonda isə bu hərəkətlərin yeganə nəticəsi özünə “dələduz” damğası vurmaq olur. Yəni ətrafdakı insanların yadında bu adla qalırlar”.

Seçilən
30
4
Mənbələr
Şərh ()
Bağla