AZ

Çində Azərbaycan dili virtual formada tədris olunacaq

Çində

Pekin, 16 aprel, AZƏRTAC

Çinin nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetinin (PXDU) təşəbbüsü ilə yaradılan Çin Xarici Dillərin Tədrisi Alyansının (MOOC) xarici dillərin onlayn tədrisi platforması çərçivəsində əcnəbi dillərin virtual formada tədrisi layihəsi icra olunur.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi əcnəbi dilləri və mədəniyyətləri öyrənmək istəyən çinlilərə müasir texnologiyaların imkanları sayəsində əlverişli imkan yaratmaqdır. Belə ki, harada olmasından asılı olmayaraq, internet vasitəsilə PXDU-nun xarici dillərin onlayn tədrisi platformasına daxil olan çinlilər virtual dərslər vasitəsilə müxtəlif dilləri, o cümlədən Azərbaycan dilini başlanğıc mərhələdə öyrənə biləcəklər. İlkin mərhələdə 20 xarici dil, o cümlədən Azərbaycan dili üzrə virtual dərslər platformaya yüklənəcək. Hazırda PXDU-nun xarici dillərin tədrisi və tədqiqi nəşriyyatında Azərbaycan dilinin onlayn dərslərinin çəkilişləri davam edir. Dünyada xarici dillərin tədrisi istiqamətində öncül ali təhsil ocaqlarından olan PXDU-nun həyata keçirdiyi bu layihə Çində bir ilk olmaqla yanaşı, kütləviliyi ilə diqqət çəkir.

Universitetin xarici dillərin tədrisi və tədqiqi nəşriyyatının direktoru Cou Siaobay bildirib ki, xarici dillərin onlayn tədrisi platformasından xarici dilləri öyrənmək istəyənlər, eləcə də xarici ölkələrin mədəniyyəti ilə tanış olmaq istəyənlər pulsuz yararlana bilərlər. Hazırda 14 dil üzrə 500 dərs platformada istifadəyə verilib. Azərbaycan dili 15-ci dil olacaq. Çin üzrə 1000-dən çox universitetdən 4 milyondan çox tələbə platformanın dərslərindən istifadə edib.

Virtual Azərbaycan dili dərsini tədris edən Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, 12 dərsin hər biri müxtəlif hissələrdən ibarət olur. Dəsrlərdə qrammatik qaydalarla yanaşı, yeni sözlər, dildə daha çox istifadə olunan söz birləşmələri öyrədilir, qısa dialoqlar, mətnlər təqdim olunur. Hər dərsin sonunda Azərbaycan mədəniyyəti, o cümlədən ədəbiyyatı, musiqisi, xalçaçılıq sənəti haqqında bilgi verilir.

Qeyd edək ki, Çinin dövlət qurumları, xüsusən də Xarici İşlər Nazirliyi üçün kadrlar hazırlayan, 101 xarici dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrası 2016-cı ildə yaradılıb. İlkin mərhələdə Azərbaycan dili üçüncü dil kimi tədris olunsa da, Çinin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci ildə ümumrespublika imtahanı əsasında Azərbaycan dili ixtisasına qəbul aparılıb və 9 tələbə dörd il ərzində Azərbaycan dilini öyrənərək Çinin ilk azərbaycanşünas kadrları olub. PXDU-da birinci qəbulda (2018-2022-ci illər) Azərbaycan dili ixtisası üzrə təhsil almış tələbələr Azərbaycan dili kafedrasının ölkəmizlə bağlı həyata keçirdiyi müxtəlif layihə və tədbirlərdə yaxından iştirak ediblər. Onlar “Nəsimi İli”ndə Heydər Əliyev Fondunun dəstəyi ilə universitetdə keçirilmiş “Azərbaycan dili və ədəbiyyatı sərgisi”nin təşkilində fəallıq göstəriblər. “Nizami Gəncəvi İli”ndə isə dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illiyi münasibətilə çap olunmuş “Nizami irsi” jurnalında tələbələrin 11 araşdırma məqaləsi və tərcümə işi işıq üzü görüb. 2022-ci ildə bakalavr təhsilini başa vuran həmin tələbələrin əksəriyyəti hazırda Azərbaycanın və Çinin nüfuzlu universitetlərində magistr təhsili alır. Ötən il Çinin ümumrespublika ali məktəblərə qəbul imtahanında uğurlu nəticələr toplayan 13 gənc PXDU-nun Azərbaycan dili ixtisasına qəbul olunub. Tələbələrə bakalavr təhsili dövründə Azərbaycan dili fənləri ilə yanaşı, milli ədəbiyyatımızı, ölkəmizin tarixini, mədəniyyətini, müasir inkişafını əhatə edən fənlər də tədris olunacaq, Azərbaycanla bağlı elmi tədbirlər keçiriləcək. Tədris proqramına uyğun olaraq tələbələrin bir il tərəfdaş Azərbaycan universitetlərində oxumaları da nəzərdə tutulub.

Tədris dövründə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva və başqaları Azərbaycan dili kafedrasında olub, tələbələrə mühazirə oxuyublar.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
64
1
Mənbələr
Şərh ()
Bağla