AZ

300 ballıq nəticələr sevindirmədi: "Biz qazanırıq, onlar yeyir" - MÖVQELƏR

Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Ölkə.Az xəbər verir ki, buraxılış imtahanında iştirak edənlər arasında yüksək nəticə göstərənlərin çox olması birmənalı qarşılanmayıb.

Təhsil eksperti Elmin Nuri hesab edir ki, bu, qətiyyən eyforiya yaratmamalıdır:

"Bir imtahanda 39 şagirdin 300 bal toplaması təhsilin ötən illə müqayisədə kəskin inkişaf səbəbi kimi göstərilə bilməz! Əsas səbəb qəbul sualları ilə məktəb arasındakı "Çin səddi"nin bu dəfə bir xeyli aşınması oldu".

Dosent İlham Əhmədov isə bildirib ki, bu qurumlar arasındakı ziddiyyət sünidir və ümumi məqsəd repetitorluğun yüksək həddə saxlanılmasıdır:

"Bunda maraqlı olanlar çoxdur", - deyə alim əlavə edib.

Jurnalist Fəridə Aslanova (Rüstəmova) isə deyib ki, müəllimlər kifayət qədər maaş almadığından repetitorluq üstün gəlir:

"Biz qazanırıq, repetitorlar yeyir. Sanki ölkədə bütün nazirliklər təhsil nazirliyinin kəm-kəsirlərini ört-basdır etməyə çalışırlar.

Müəllim kaş super maaş ala! Təbii ki, mən də istəyirəm elə olsun! Almır. Elə ona görə də enerjisini məktəbə qoymur. Uşaqlara deyirlər ki, dərsdən sonra evə gəlin.

Minnət də qoyurlar və hər uşaqdan 50, 100, 200 manatı da qatlayıb ciblərinə qoyurlar. Təhsil sistemimiz valideynləri çox üzür. İslahatlar keçirilməlidir".

Qeyd edək ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanı zamanı 14 abituriyen maksimal 300 balı toplayıb.

Onu da əlavə edək ki, bu nəticələr açıqlanandan sonra ortaya bir sıra iddialar atıldı. Bildirildi ki, ötən illərdə Dövlət İmtahan Mərkəzi imtahanlara tədris proqramına aid olmayan suallar salırdı. Buna səbəb isə qurumun sədri Məleykə Abbaszadə ilə Elm və Təhsil naziri Emin Əmrullayev arasında yaşanan müəyyən anlaşılmazlıqlar olub. Ancaq təhsil ekspertləri və cəmiyyət DİM-i kəskin şəkildə qınadıqları üçün bu il həmin problem nisbətən də olsa, aradan qaldırıldığı deyilir.

Billurə

 

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla