AZ

Qərbdəki islamofobiyanın yaratdığı ayırıcı xətlər - Sidneydəki hücum nəyi sübut etdi?

Müəllif: Elvin Səxavətoğlu

Məlumdur ki, 2000-ci illərin əvvəllərindən Avropada, ümumilikdə xristian dünyasında başlayan islamofob təbliğat bu gün də davam edir. Avropa və ABŞ-dakı müəyyən dairələr hər hansı neqativ hadisə baş verən kimi müsəlmanları günahlandırmağa başlayırlar.

Cəmiyyətdə elə təsəvvür yaradırlar ki, sanki müsəlmanlar terrorçudur, onlar yalnız baş kəsir, adam öldürür, məktəblərə və kilsələrə hücumlar edirlər.

Avropalılarla eyni kökdən olan avstraliyalılar da eyni "xəstəlik"dən əziyyət çəkirlər.

Məsələn, Avstraliyanın Sidney şəhərinin Bondi-Cankşen ərazisində yerləşən ticarət mərkəzində bıçaqlanma hadisəsi baş verən kimi cəmiyyətə sistemli şəkildə bu hadisənin müsəlmanlar və ya yahudilər tərəfindən törədildiyi ilə bağlı mesajlar tirajlanmışdı.

Hazırda isə həmin fakt öz təsdiqini tapmayıb. Ona görə də Avstraliyadakı müvafiq qurumlar məsələdən fikir yayındırmaq üçün yeni hədəf axtarırlar.

Bu məqam bir daha göstərir ki, Avropa, ABŞ və Avstraliyada cəmiyyətə sistemli şəkildə islamofob hislər aşılanıb. Bu təbliğat o qədər sistemli aparılıb ki, bir nəfərin burnu qanayan kimi müsəlmanlardan bilirlər.

Əslində qeyd edilən cəmiyyətlər islamofob təbliğat aparmaq əvəzinə müsəlmanları öz cəmiyyətlərinin bir parçası kimi qəbul etməyə başlasalar, daha effektli nəticələr əldə edə bilərlər. Qurumların bunun üçün xüsusi proqramlar hazırlamasına ehtiyac var.

Amma belə islamofob təbliğatla müsəlmanları özlərindən daha da uzaqlaşdırırlar. Tarixi faktlar sübut edir ki, müsəlmanlar uzun müddət qeyri-müsəlman cəmiyyətlərlə iç-içə yaşasalar da, çox gec assimilyasiyaya uğrayırlar. Hətta müasir dövrdə onların assimilyasiyaya uğraması mümkünsüz görünür. Çünki bir əsr əvvəl Avropaya köçən müsəlman əcdadı barədə o qədər də çox məlumat ala bilmirdi, amma indi bu məlumatları nəsildən-nəsilə ötürmək çox asandır.

Ona görə də Qərb sivlizasiyasını idarə edənlər bu məsələlərə xüsusi həssaslıqla yanaşmalıdırlar. Çünki onlar yalançı islamofob təbliğatla cəmiyyətdə ayrıcı xətlər yaradırlar.

Müsəlman, xristian, yahudi, ərəb, türk, afrikalı və bu kimi digər ayrımları edən cəmiyyətlərin taleyi heç də yaxşı olmayıb. Ayrıcı xətlərdəki əks qüvvələr bir gün mütəq şəkildə mədəni, dini və etnik fərqlərini əsas gətirərək gücdən istifadə ediblər.

Əgər Qərb sivlizasiyası belə ayrıcı xətlər müəyyənləşdirməkdə davam edərsə, onları da dini, etnik və mədəni qarşıdurma gözləyir.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla