AZ

İranın bir atımlıq “qisas barıtı”, yoxsa dünyanın yenidən bölüşdürülməsi?

Artıq neçə gündür ki, bütün dünya İranın İsrailə hücumlarına dair müzakirələr içindədir. Kimisi bunu həqiqi müharibə siqnalı, kimisi danışılmış oyun, kimlərsə də dünyanın yenidən bölüşdürülməsi üçün atılan addım kimi qiymətləndirirlər. Əslində uzun müddətdir ki, ətrafında ajiotaj yaradılan İran-İsrail müharibəsi İranın PUA-larla İsrailə hücum etməsi artıq bütün dünyada üçüncü dünya müharibəsi risqini də gündəmə gətirib. Bəşəriyyətin lokal qanlı müharibə ocaqlarına çevrildiyi, qanlı toqquşmaların baş alıb getdiyi bir zamanda İranın bir atımlıq barıt kimi İsraildən “qisas alması” artıq həm də dünyanın üçüncü dünya müharibəsi risqi baxımından bütün iplərin qopması deməkdir. Düzdür, artıq İran bu “cahanşümul qisas əməliyyatından” sonra hücumları sonlandırdığını, İsrailə “möhkəm dərs verdiyini” elan edib. Əli Xomnei başda olmaqla İran rəsmiləri artıq İsrailə əməllicə “qulaqburması” verdiklərini elan ediblər və bildirirlər ki, şər qüvvə bir də cürət edib İrana tərəf boylanmaz....

Əlbətdə, açıq şəkildə görünür ki, gecə qaranlığında İran hətdda korafəhmlərin belə aydın şəkildə anlayacağı uğursuz tamaşa oynadı və elə uğursuzluqla da tarixə yazıldı. Hələ heç bir dövlət açıq şəkildə qanlı müharibə üçün düyməni basmayıb. Amma görünən odur ki, bu cür uğursuz müharibə tamaşaları həqiqi müharibəni də qaçılmaz edir. İndi İranın bu “ölümcül qisas” oyunundan sonra İsrailin də əlində öz təhlükəsizliyinin qayğısına qalmaq üçün tutarlı fakt keçib. Sabah İsrail də İran kimi yalançı deyil, əsl həqiqi qisas əməliyyatına başlasa o zaman ona qarşı etiraz səslərini ancaq barmaqla saymalı olacaqsan. Niyə? –çünki buna İran əsas verir. Necə ki, bir cümə günü sübh tezdən, heç bir əsas olmadan İsrailin ərazisinə 500 raket atmaq üçün İranın dini lideri Ə.Xomnei “xeyir-dua” vermişdi “Həmas”a. Nəticə nə oldu?- o oldu ki, əvvəlcə onlarla İsrail vətəndaşı, cavab zərbəsi olaraq isə yüzlərlə fələstinli qanına qəltan edildi. Fələstinli uşaqlar, qadınlar məhv edildi, xəstəxanalar dağıdıldı. Kim əsas verdi buna? – İran!

Bir gecəlik “qisas barıtı” da elə bu qəbildən olan məsələdir. Artıq dünyanın bölüşdürülməsi kimi məsələ getdikcə gerçəyə çevrilir. Necə ki, qoca Co Bayden hələ ötən əsrin 70-ci illərindən Rusiya ilə qərb arasındakı siyasi sərhədlərin Polşadan deyil, Ukraynadan keçəcəyi barədə iddianı düz 2022-ci ilin fevralından reallaşdırmağa başladı. ABŞ bu qanlı tamaşa üçün kimi əsas oyunçu seçdi? – aktyor, şoumen Volodimir Zelenskini. O Zelenskini ki, daima Kremlin səhnəsində, şou konsertlərində Vladimir Putini əyləndirirdi. Və o şoumen V.Zelenski indi C.Baydenin siyasi səhnəsində Vladimir Putinə qarşı əks cəbhədə komandan kimi çıxış edir. Təsadüfmü, yoxsa planlaşdırılan ssenarimi? Amma nəzərə alsaq ki, dünya siyasətində və ümumiyyətlə siyasətdə təsadüf heç nə olmur, demək ki hər şey planlı baş verir. Sözsüz ki, minlərlə günahsız insanın qanı hesabına. Belə görünür ki, tennis oyununu xatırladan müharibə zarafatlarının arxasınca qanlı və amansız müharibələr reallaşacaq. Yırtıcı maraqlar üçün insan qanı çirkli su qədər belə dəyərli deyil...

Mətləb Salahov

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla