AZ

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Bakı, 16 aprel, AZƏRTAC

Aprelin 16-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, elmi konfransı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən bu il ölkəmizdə silsilə tədbirlər keçirildiyini qeyd edib. Akademik İsa Həbibbəyli Məhəmməd Füzulinin Türk dünyasını birləşdirən şair olduğunu vurğulayıb.

Elmi konfransda İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri professor Mutaz Muhyi Əbdülhəmidin “Məhəmməd Füzuli və İraq ədəbi mühiti” mövzusunda məruzəsi dinlənilib.

AMEA-nın Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov tədbirin əhəmiyyətindən danışıb və bu sahədə görülən işlərin gələcəkdə daha da genişləndiriləcəyini bildirib.

Moskvada yaşayan həmvətənimiz, yazıçı, professor Abuzər Bağırov çıxışında Rusiya mühitində Füzuli yaradıcılığının tədqiqi ilə bağlı görülmüş işlərdən bəhs edib.

Özbəkistandan olan qonaqlardan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabbarov, Urgənc Dövlət Universitetinin Özbək Filologiyası fakültəsinin dekanı professor Dilşod Qayıpov və Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru İslam Yoqubov çıxışlarında Füzuli yaradıcılığının maraqlı məqamlarına toxunublar.

İraq Mədəniyyət Nazirliyi nəzdində Türkman Mədəniyyət Mərkəzinin sədri, “Türkman mədəniyyəti” jurnalının baş redaktoru doktor Sabah Kərküklü “Füzuli Bağdadi və tarixçilərin mübahisəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzə zamanı İraq Əlyazmalar İnstitutu tərəfindən Əlişir Nəvainin “Müəmma” traktatına “Füzulinin şərhi” adlı əlyazma nüsxəsinin tapıldığı, Füzuli tərəfindən yazılan əlyazma nüsxəsinin 1554-cü ilə aid olduğu qeyd edilib.

Seçilən
41
2
Mənbələr
Şərh ()
Bağla