AZ

Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatları üçün “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində qrant müsabiqəsini elan edir

Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra – “Fond”) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən 16 aprel 2024-cü il tarixindən gənclər təşkilatları üçün “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir.

Müsabiqənin məqsədi ümumi ekoloji maarifləndirmə və tərbiyə işinin təşkili, ekoloji sahədə könüllülük fəaliyyətinin genişləndirilməsi, COP29 – İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə töhfə vermək məqsədilə irəli sürülən təşəbbüslər, işğaldan azad olunmuş ərazilərdə törədilmiş ekoloji terrorun beynəlxalq müstəvidə tanıdılması üzrə təşəbbüslər, ekoturizmin inkişafı sahəsində tədbirlərin təşkili, iqlim həllərində rəqəmsal alətlərdən və süni intellektdən istifadə olunmasının təşviqi, yerli ekoloji problemlərin həllinə yönəldilmiş tədqiqatçılıq fəaliyyətinin təşviqi üçün gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində maliyyələşdirib, onların səmərəli fəaliyyətini stimullaşdırmaqdır.

Layihələrin müddəti:

Müsabiqəyə təqdim olunmuş yerli və beynəlxalq layihə kateqoriyaları üzrə müraciətlərin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

Layihələrin məbləği:

Yerli layihələr üzrə müraciət məbləğinin dəyəri 10 000 (on min) manatdan, beynəlxalq layihələr üzrə 15 000 (on beş min) manatdan çox olmamalıdır.

Layihələrin təqdim olunmasına dair əsas tələblər:

  • Müsabiqədə iştirak etmək üçün gənclər təşkilatları Fondun rəsmi internet saytında (www.youthfoundation.az) qeydiyyatdan keçməli və saytda əks olunan formaya uyğun olaraq, elektron qaydada müraciət etməlidir;
  • Gənclər təşkilatlarının müsabiqə çərçivəsində yerli və beynəlxalq layihə kateqoriyaları üzrə təqdim etdikləri yalnız 1 layihənin Fond tərəfindən maliyyələşdirilməsinə yol verilir;
  • Layihələr yerli və beynəlxalq kateqoriyalar üzrə maliyyələşdirilir – Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınan gənclər təşkilatlarının Azərbaycan Respublikasının ərazisində həyata keçirdiyi fəaliyyət yerli layihələr; ən azı iki xarici ölkədən olan gənclər təşkilatı və beş ölkəni təmsil edən gənclərin iştirakı ilə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının Azərbaycan Respublikasında həyata keçirdiyi, habelə Azərbaycan Respublikasından olan gənclərin iştirakı ilə xarici ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət beynəlxalq layihələr kateqoriyasına aiddir;
  • Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.

Aşağıdakı resipiyentlərin (qrant alanların) müsabiqədə iştirakına yol verilmir:

  • Fondun maliyyələşdirdiyi və icra müddəti bitməyən layihələrin icraçıları;
  • Fondun maliyyələşdirdiyi və icra müddəti bitən, lakin yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixə 15 (on beş) gün qalmış maliyyə hesabatlarını Fonda təqdim etməyən qrant alanlar;
  • Siyasi, xeyriyyə, kommersiya və dini fəaliyyəti nəzərdə tutan layihələr Fond tərəfindən maliyyələşdirilmir.

Layihələr seçilərkən üstünlük veriləcək meyarlar:

Müsabiqənin başlama tarixi:

  • Layihə təklifləri 16 aprel 2024-cü il tarixindən başlayaraq təqdim edilə bilər.

Layihə təkliflərinin qəbulu üçün son tarix:

  • Layihə təklifləri üçün son müraciət tarixi 30 aprel, 2024-cü il, saat 23:59 müəyyən edilmişdir.

Layihə müraciətləri üzrə mövzular: Layihə müraciətləri üzrə mövzularla buradan tanış ola bilərsiniz. 

Qeyd 1: Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə sənəd və materiallar toplusu ilə buradan tanış ola bilərsiniz.

Qeyd 2: Layihələrin icra müddətinin başlamasının 1 iyul 2024-cü il tarixindən nəzərdə tutulması tövsiyə olunur.

Seçilən
36
2
Mənbələr
Şərh ()
Bağla