AZ

“Metropoliten işçilərinin test üsulu ilə bilik və bacarıqları yoxlanılır” - QURUM RƏSMİSİ DANIŞDI

“Bakı Metropolitenində kadrların hazırlanmasının özünəməxsus xüsusiyyətləri var. Təbii ki, müxtəlif təcrübələrdən istifadə olunması və qarşılıqlı əməkdaşlıq bütün dövrlərdə metropoliten üçün vacib tələb olub. Lakin Bakı Metropoliteni Təlim-tədris mərkəzi 2014-cü ildə yaradılıb və 2019-cu ildən ən müasir standartlar formasında çox nümunəvi bir sahəyə çevrilib. Kadrların hazırlanması ən yüksək peşəkarlıq səviyyəsində aparılır. Ali və orta tədris ixtisas ocaqları ilə qarşılıqlı əməkdaşlıq mövcuddur. Bu da həm metropolitenə, həm də müvafiq tədris ocağına kifayət qədər böyük səmərə gətirir”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, metropolitendə kadrların hazırlanmasında ilkin tələb hər bir sahənin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla hazırlanması və peşəkarlıq səviyyəsinin qorunmasıdır: “Bunların hər biri Tədbirlər Planı və tədris proqramına uyğun olaraq həyata keçirilir. Hər bir işçinin dövri imtahanları olur. Eyni zamanda peşə yönümlü tədris proqramları, ixtisasdəyişmə və ixtisasartırma kurslarımız var.

Bakı Metropoliteni maşinistlərin hazırlığını 2018-ci ildən tamamilə fərqli istiqamətdə aparmağa başlayıb. Bu da yeni nəsil qatarların alınması ilə əlaqədardır. Dünya təcrübəsi öyrənilməklə Bakı Metropoliteni özünə xas olan xüsusi proqram hazırlayıb. Bu proqram artıq özünü doğruldub. Hazırlıq prosesi nəzəri və praktik olmaqla 6 aydır, yekun imtahandan sonra maşinistlər işə başlayır.

Bakı Metropolitenində ən vacib yeniliklərdən biri test üsulu ilə işçilərin bilik və bacarıqlarının yoxlanılmasıdır. Bütün bunlar işçinin zəif tərəflərinin daha da gücləndirilməsinə kömək edir. Bakı Metropoliteninin təcrübəsindən istifadə olunması ilə bağlı müxtəlif işlər görülür. Məsələn, İstanbul metrosu Bakı Metropoliteninin işini yüksək qiymətləndiriblər. Post-sovet ölkələri ilə də bu mənada qarşılıqlı müzakirələr aparılır”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
18
Mənbələr
Şərh ()
Bağla