AZ

NDU-nun kafedra müdiri: Naxçıvanda fiziki məhdudiyyətli uşaqların sayı azalıb

NDU-nun

Bakı, 16 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi maarifləndirmə tədbirləri çərçivəsində 2011-ci ildən 2024-cü ilədək 70 min qadına mühazirə oxumuşuq. Bu illər ərzində həyata keçirdiyimiz işlərin faydasını da görmüşük. Nəticə olaraq Naxçıvan Muxtar Respublikasında fiziki məhdudiyyətli uşaqların sayı azalıb. Bu işə can yandırdığımızı görən digər qadınlar da sıralarımıza qoşulurlar. Onlar bizimlə əməkdaşlığa açıq olduqlarını, müxtəlif bukletlərin hazırlanmasına kömək edəcəklərini bildirirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, tibb elmləri namizədi, Prezident İlham Əliyevin Sərəncamı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Tərəqqi” medalı ilə təltif edilmiş Gültəkin Əliyeva deyib.

G. Əliyeva ölkənin ictimai-siyasi həyatında fəallıq göstərməyin hər bir qadının borcu olduğunu vurğulayıb. Qeyd edib ki, müxtəlif tədbirlər keçirərək qadınları maarifləndirmək lazımdır.

“Xüsusən də qadınları tibbi cəhətdən maarifləndirməklə müxtəlif xəstəliklərə yoluxmaların sayının azalmasına nail olmaq mümkündür. Biz, həmçinin fiziki məhdudiyyətli uşaqların doğulmasının, erkən nikahların, qohum evliliklərinin də qarşısını ala bilərik. Naxçıvan Muxtar Respublikasında 13 ildir ki, bu səpkidə keçirilən maarifləndirmə tədbirlərinin hamısında iştirak etmişəm, qadınlara müxtəlif mövzularda tibbi məlumatlar vermişəm”, - deyə G. Əliyeva bildirib.

2024-cü ildə “Tərəqqi” medalı ilə təltif edilməsi ilə bağlı təəssüratlarını da bölüşən G. Əliyeva bu xoş xəbəri ona tələbələrinin verdiyini deyib. O qeyd edib: “Əvvəlcə elə bildim ki, onlar məni ad günüm münasibətilə təbrik edirlər. Sonradan bildim ki, dövlətimizin başçısı tərəfindən medalla təltif edilmişəm. İllər boyu məcburi köçkünlük həyatı yaşamışam. Bununla bərabər, elmi sahədə fəaliyyətimi davam etdirərək minlərlə qadının maarifləndirilməsi prosesində fəal iştirak etmişəm. Bütün bunların bəhrəsini görmək mənim üçün çox xoş oldu. Medalla təltif edilən qadınların hamısı zəhmətkeş, millətinə və dövlətinə bağlı insanlardır. Qürur duyuram ki, mən də bu il təltif edilən xanımlardan biriyəm”.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla