AZ

50 milyardlıq iş müqabilində 16 milyon əmək haqqı alan əsirlər – SENSASİON DETALLAR

Müharibələr gec-tez sona çatır. Amma onların buraxdığı izlər, yaratdığı fəsadlar uzun illər davam edir. Həlli uzun illər problemə çevrilən məsələlərdən biri də əsirlərlə bağlıdır. Bütün müharibələrdən sonra əsirlərin saxlanılması, dəyişdirilməsi, yaxud da öz ölkələrinə təhvil verilməsi tərəflər üçün ən aktual müzakirə mövzularından biri sayılıb. O cümlədən sovet-alman müharibəsindən sonra da əsirlərlə bağlı vaxtlı-vaxtsız bir sıra qərarlar qəbul edilib.

Maraqlıdır, SSRİ-də nə qədər əsir saxlanılıb, rəsmi Moskvanın alman əsirlərinə münasibəti necə olub?

Qeyd edək ki, müharibənin sonunda SSRİ-də 2 milyondan artıq alman əsiri olub. Hələ 1942-ci ildən başlayaraq əsirlərin əsas hissəsindən işçi qüvvəsi kimi istifadə edilib. 1944-1945-ci illərdən sonra isə alman əsirlərindən işçi qüvvəsi kimi istifadə olunması daha geniş miqyas alıb. Belə ki, təkcə 1944-1950-ci illərdə 1 milyon 200 min nəfərdən artıq alman əsiri əməyə cəlb edilib, onlar gördükləri işin müqabilində 16 milyon 800 min rubl əmək haqqı alıblar, gördükləri işin həcmi isə 50 milyard rubla yaxın olub.

İYİRMİ.jpg

Əsirlərdən adətən tikinti, bərpa, dəmiryolu xətlərinin çəkilməsi, meşə sənayesi, uran, dəmir filizi, daş kömür yataqlarında istifadə olunub.

SSRİ-nin beynəlxalq təşkilatlara təqdim etdiyi hesabatlarda əsirlərin saxlanılma şəraitinin bütün normalara uyğun olduğu göstərilib. Reallıqda isə fəqrli mənzərə olub.

Əsirlərin saxlanılma şəraiti əraziyə görə fərqlənib. Daha ucqar ərazilərdəki düşərgələrdə məişət şəraiti qənaətbəxş sayılmayıb, mərkəzə yaxın olan düşərgələrdə isə digərləri ilə müqayisədə əsirlər üçün minimum şərait yaradılıb.

Şəraitlərin fərqli olmasına baxmayaraq, düşərgələrdə eyni rejim qaydaları hökm sürüb. Bütün düşərgələrdə sovet ideologiyası ciddi təbliğ olunub, antifaşist təbliğatı isə düşərgə ideologiyasının ana xəttini təşkil edib.

ADMİN.jpg

Əsirlərin asudə vaxtı, istirahəti və əyləncəsi üçün düşərgələrdə xüsusi tədbirlər planı işlənilib. Alman əsirləri 20-30-dan 22-30-a qədər klublarda sovet filmlərini seyr ediblər, idmanın müxtəlif növləri üzrə yarışlar təşkil olunub, kitabxanalar onların ixtiyarına verilib. Bunlarla yanaşı, düşərgələrdə dil öyrənmək, müxtəlif peşələrə yiyələnmək üçün kurslar da təşkil edilib.

Alman əsirləri ətraf qəsəbə və kəndlərdəki yerli qadınlara meyl göstərsələr də, əlaqələrdən mümkün qədər çəkiniblər. Yerli qadınlarla intim əlaqə əsirlər üçün cinayət əməli sayılıb. Buna baxmayaraq, əsirlərə asudə vaxtlarında qəsəbələrə getməyə, yerli sakinlərə isə düşərgə şəhərciklərinin ərtrafında dolaşmağa qadağa qoyulmayıb. Hətta bəzi bayram günlərində yerli sakinlərlə alman əsirləri birgə şənliklər də təşkil ediblər.

Əsirlərə öz doğmaları ilə məktublaşmaq icazəsi də verilib. Onların yazdıqları məktublar yalnız xüsusi nəzarətçilər tərəfindən oxunduqdan sonra ünvanlarına göndərilib. Həmçinin əsirlərin məhdud miqdarda öz doğmalarından bağlamalar almaq və onlara bağlamalar göndərmək hüququ da olub.

Bunlar əsirlərin saxlanılmasının görünən tərəfləridir. Rejim qaydalarını pozanlar, nəzarətçilərin yerli və yersiz tələblərini yerinə yetirməyənlər işgəncələrə məruz qalıblar. Hətta bəzi hallarda yerində güllələnən əsirlər də olub. Bütün bunlar tam məxfi saxlanılıb və heç bir rəsmi sənəddə öz əksini tapmayıb.

1947-ci ilin aprel ayında Moskvada SSRİ, ABŞ və Böyük Britaniyanın xarici işlər nazirlərinin iştirakı ilə keçirilən konfransda hərbi əsirlərin 31 dekabr 1948-ci ilə qədər repartasiya olunması qərara alınıb. Amma bu məsələ 1950-ci ilə qədər uzanıb.

Qəbul olunmuş qərar hərbi cinayət törətmiş hərbi əsirlərə şamil edilməyib. Yalnız 1955-ci ildə Almaniya (AFR) kansleri Konrad Adenauerin Moskvaya rəsmi səfərindən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin hərbi cinayət törətmiş əsirlərin vaxtından əvvəl öz ölkələrinə repartasiya olunması haqqında qərarı olub. Bu qərarla 14 min hərbi cinayət törətmiş alman əsiri Almaniyaya təhvil verilib.

KONRAD.jpg

Ümumilikdə, SSRİ-dən Almaniyaya 2 milyona yaxın əsir təhvil verilib. Əsirlik müddətində ölən alman əsirlərinin sayı isə 357 min nəfərə çatıb.

Beləliklə, 20-ci əsrin nəhəng siyasi simalarından biri sayılan, “Almaniyanın siyasi və iqtisadi memarı” adlandırılan Konrad Adenauerun adı tarixə həm də alman əsirlərini SSRİ-nin caynağından xilas edən kansler kimi həkk olunub.

İlham Cəmiloğlu,
Musavat.com

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla