AZ

"Qarabağ"ı yayda tərk edəcək futbolçular - Qurban Qurbanovu düşündürən qayğılar

Altı həftədən sonra Premyer Liqada mövsümə yekun vurulacaq.

Avrokubok iştirakçılarından hələlik birinin adı bəllidir - «Qarabağ».

Finişə 8 tur qalmış çempionluğu təmin ediblər.

Qurban Qurbanovu hazırda maraqlandıran əsas məsələ ehtiyat skamyanın daimi sakinlərinə tonus qazandırmaqdır. O, bu işi ehtiyatla görür.

Qızıl medalların taleyi həll olunsa da, biz baxırıq ki, Qurbanov yenə öz prinsiplərindən çox kənara çıxmır. Bəlkə də əksəriyyət gözləyirdi ki, sezonun axırına yaxın olduğundan, aparıcı fiqurlara vaxtından qabaq istirahət imkanı yaradacaq.

Qurbanov belə eləmir. Zubir, Juninyo, Andrade, Zubir və başqaları yenə meydandadır.

Başa düşməyə çalışıram - adamın təcrübəsi ona deyir ki, arxayınlıq ümumi işə ziyandır, indidən belə bir hiss yaransa, sonra komandanı yığıb-yığışdırmaq çətin olacaq.

«Sabah» önündə alınan mövsümün dördüncü məğlubiyyətini müxtəlif səbəblərlə bağlamaq mümkündür. Çempionluq iddiasının əvvəldən təminatı, hakimin və Amin Ramazanovun səhvləri ilə.

Nəticənin turnir cədvəlində heç bir dəyişikliyə gətirib çıxarmayacağını bilən oyunçuların konsentrasiya boşluğu matçın ortasını əhatə edən 1 saatda «Qarabağ»ı sıxıntılı hallara saldı.

Mövsümboyu ehiyatda əyləşmiş Aminin xətaları, yəqin ki, Qurban Qurbanovu bir daha düşündürəcək. Onu saxlasınmı, saxlamasınmı?

Bu sual təkcə Ramazanovun adı ətrafında dolaşmır. «Qarabağ»dan göndəriləcək futbolçuların siyahısına daha 2-3 nəfərin əlavə olunacağı fikrindəyəm.

ELNUR

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla