AZ

Taksford At Muzeyi onilliyini qeyd edir

Bakı, 16 aprel, AZƏRTAC

Bu il Taksford At Muzeyinin (Böyük Britaniya) on yaşı tamam olur. Muzey atların tarixindən bəhs edir. O, səkkiz otaqdan və füsunkar atçılıq əşyaları ilə dolu uzun dəhlizdən ibarətdir. Bu, həvəskar atçı Salli Mitçellin uzun illər ərzində topladığı kolleksiyaya əsaslanır.

AZƏRTAC muzeyin rəsmi saytına istinadla xəbər verir ki, Salli Mitçell bu muzeyi 2014-cü ilin iyununda açıb, bu məqsədlə ilkin olaraq Nyukasl hersoquna məxsus olan XVIII əsrə aid köhnə “Nyukasl Arms” mehmanxanasının binası satın alınıb. Atlara həsr olunmuş muzey maraqlı bir layihə kimi təqdim edilib. Fransa və Almaniyadakı at muzeylərini gəzdikdən sonra Salli Mitçell hiss edib ki, həmişə “böyük atçılıq ölkəsi” adlandırdığı İngiltərənin öz muzeyinə ehtiyacı var.

Burada nümayiş olunan əşyalar təxminən eramızdan əvvəl 600-cü ildən bizim eranın XX əsrinə qədər olan dövrə aiddir. Bunlara dünyanın hər yerindən baytarlıq, hərbi, kovboy və mədən alətləri, ağır at təchizatları, at yarışı ləvazimatları, geyimlər və digər əşyalar daxildir.

Onillik yubileyini qeyd etmək üçün muzey 2024-cü ilin iyun ayından sentyabr ayına qədər bütün ailə üzvləri üçün bir sıra tədbirlər, sərgilər və açıq qapı günləri keçirir. İyunun 9-dan avqustun sonuna qədər Salli Mitçhellin ən son satınalmalarının sərgisi də keçiriləcək.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla