AZ

Lunyov: “Azərbaycanda topu bizdən ala da bilmirlər”

"Qarabağ"in uğurunda müxtəlif faktorların birləşməsinin rolu var: oyunçu seçimi, futbolçuların səviyyəsi, taktiki tələblər, hazırlıq və intizam".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu "Qarabağ"ın və Rusiya millisinin qapıçısı Andrey Lunyov deyib.

Təcrübəli qolkiper Rusiya mətbuatına müsahibəsində Azərbaycan çempionunun uğurunun sirrini açıqlayıb: "Biz müasir futbol oynayırıq, müdafiədən hücuma və əksinə sürətlə keçirik. Kifayət qədər yüksək səviyyəli futbolçularımız var. Bu da nəticə verir. "Qarabağ"da dostum oynayıb və mən keçidimə qədər komandanı izləyirdim. "Frayburq"la ötən mövsümdəki matçlarına da baxmışdım. Oyun üslubu xoşuma gəlirdi".

Andrey rusiyalı azarkeşlərdə yanlış fikir formalaşdığı qənaətindədir: "Bizdə belə bir stereotip formalaşıb ki, Azərbaycan kimi balaca ölkələrin komandaları yaxşı futbol göstərə bilməz. Hərçənd nümunələr yetərincədir. Hətta millidə həm Stanislav Çerçesov, həm Valeri Karpinin baş məşqçilyi dövründə Malta ilə oynayanda, bizə asan olmamışdı. Balıqçı, poçtalyon adlandırılanların hamısı müasir intensiv, yüksək pressinqli futbol oynamağı öyrəniblər. "Qarabağ"ın futbolçuları avrokubok təcrübəsinə malikdirlər, yığma və klubda top-rəqiblərə qarşı oynayıblar. Buna görə də hara getdiyimi anlayırdım. Bəli, çempionat rəqabətsizdir. Amma bu, futbola qayıtmaq üçün şans idi".

Lunyov "Qarabağ"ın Rusiya çempionatında qızıl medallar üçün mübarizə aparacaq gücdə olduğunu düşünür: "Qarabağ"ın Rusiyada çempionluq üçün mübarizə apara biləcəyini deyən Murad Musayevlə razıyam. Çempionluq, ən azı "üçlük" üçün mübarizə aparardı. Yeganə məqam Rusiya futbolunun spesifikasıdır. O, daha qapalı və sərtdir. Uzaq məsafələrə səfərlərlə mübarizədə "Qarabağ"ı izləmək maraqlı olardı. Bəlkə də indi dəyişib, mən "Zenit"də oynayanda əksər komandalar topu rəqibə verir və ona nəzarətə də cəhd etmirdilər".

Andrey Azərbaycan çempionatındakı nümayiş olunan futbola da toxunub: "Azərbaycanda topu bizdən ala da bilmirlər, amma cəhd edirlər. Pressinqdən çıxmaq, topu saxlamağa çalışırlar. Ancaq uzun ötürmələr və standartlara ümid bağlamırlar. Burada yüksək pressinq etməyə çalışırlar, müdafiədə və ya meydanın yarısında oturan komandalar azdır. Bu, məni təəccübləndirdi. Bəzən 5:0, 7:0 hesabları olsa da, heç bir komanda ilə bizə asan olmur. Matçlar maraqlı vəziyyətlərlə zəngindir. Sadəcə oyunçuların səviyyəsi və taktiki gedişlər özünü göstərir".

Qeyd edək ki, Andrey "Qarabağ"ın heyətində 2023/24 mövsümünün çempionudur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
32
2
Mənbələr
Şərh ()
Bağla