AZ

Alimlər dünyada ən zəhərli “əbədi kimyəvi maddələrin” harada toplandığını müəyyən ediblər

Çin, ABŞ və Avropanın bəzi regionları davamlı kanserogenlərlə ən çox çirklənən yerlərdir


Yeni Cənubi Uels Universitetinin alimləri ətraf mühitin “əbədi kimyəvi maddələr” kimi tanınan per- və poliftoralkil birləşmələri (PFAS) ilə dünyanın ən çox harasında çirkləndiyini müəyyən ediblər.


Aztibb.az xəbər verir ki, tədqiqat “Nature Geoscience” (NatGeo) elmi jurnalında dərc olunub.


PFAS yapışmayan qablardan və qida qablaşdırmalarından tutmuş suya davamlı geyimlərə qədər bir çox gündəlik əşyaların istehsalında istifadə olunur. Bu birləşmələr materialları istiliyə və suya davamlı edir.


Lakin bu maddələr təbii mühitdə demək olar ki, parçalanmır. Onlar insan orqanizmində toplanaraq, yeni doğulmuş körpələrdə xərçəng və müxtəlif anadangəlmə qüsurlar da daxil olmaqla, ciddi xəstəliklərə səbəb ola bilər.


Tədqiqat qrupu dünyanın hər yerindən 45.000 su nümunəsini təhlil edib və müəyyən olunub ki, nümunələrin əhəmiyyətli bir hissəsində PFAS səviyyələri tövsiyə olunan səviyyədən yuxarıdır. Bəzi hallarda təhlükəsiz həddlər on dəfə və ya daha çox aşılıb.


Məlum olub ki, “əbədi kimyəvi maddələrin” ən yüksək konsentrasiyasına görə Çin, Avstraliya, ABŞ və Avropanın bəzi regionları liderdir.


Nəticələr göstərib ki, PFAS bütün planetdə yayılıb, lakin onların torpağı, su yollarını və içməli su mənbələrini nə dərəcədə çirkləndirdiyi hələ də dəqiq bilinmir.

Seçilən
41
50
Mənbələr
Şərh ()
Bağla