AZ

Vəfadar Misirov ABŞ-də beynəlxalq konfransda iştirak edib

13 aprel 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov ABŞ-nin Minneapolis şəhərində Amerika Dövlət İdarəçiliyi Cəmiyyətinin (American Society for Public Administration, ASPA) illik konfransı çərçivəsində Dövlət Qulluğu üzrə Astana Regional Xabın panel sessiyasında çıxış edib. Sessiya “Dövlət qulluğunda insan resurslarının idarə edilməsində rəqəmsal transformasiya” (Digital Transformation in Civil Service HRM) mövzusunda təşkil edilib.

 

AzEdu.az xəbər verir ki, panel sessiyanın əsas məqsədi Xaba üzv olan ölkələrdə dövlət qulluğunda insan resurslarının idarə edilməsində rəqəmsal transformasiya ilə bağlı problemlər, ən yaxşı təcrübələr haqqında dərin və hərtərəfli müzakirələr aparmaq, istedadların idarə edilməsində rəqəmsal texnologiyaların rolunu araşdırmaq, çevik insan resursları siyasəti üçün strategiyaları müzakirə etmək və iştirakçılar arasında səmərəli əməkdaşlıq və bilik mübadiləsini təmin etmək olub.

 

Panel sessiyada ASPA-nın icraçı direktoru Vilyam P. Şilds, ASPA-nın keçmiş milli prezidenti və Cənubi Kaliforniya Universitetinin dövlət idarəçiliyi üzrə fəxri professoru Çester Nyuland, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dövlət Qulluğu Komissiyasının cari üzvü və ASPA-nın beynəlxalq direktoru Pan Suk Kim və müvafiq qurumlarının ekspertləri, eləcə də üzv dövlətlərin nümayəndələri iştirak ediblər. Sessiyada Azərbaycanla yanaşı, Qazaxıstan, Türkiyə, Koreya və Qırğızıstanın rəhbər şəxsləri təqdimatlarla çıxış ediblər.

 

Sessiyada V.Misirov “Azərbaycanda dövlət qulluğunda insan resurslarının idarə edilməsinin rəqəmsallaşdırılması” adlı təqdimatla çıxış edib. O, əvvəlcə DİM-in əsas funksiyalarından biri olan dövlət qulluğunda dövlət siyasətinin formalaşdırılması, mərkəzləşdirilmiş və şəffaf şəkildə qəbul prosesinin həyata keçirilməsi ilə bağlı tədbir iştirakçılarına məlumat verib. V.Misirov həmçinin “Dövlət qulluqçularının Reyestri” informasiya sistemində dövlət qulluqçuları haqqında məlumatların tam, düzgün və vaxtında yerləşdirilməsinin təmin edilməsi, habelə DİM tərəfindən hazırlanan və tətbiq olunan digər rəqəmsal platformaların xidmətlərin effektivliyinin və keyfiyyətinin artırılmasındakı rolu barədə danışıb. O, çıxışını dövlət qulluğu sahəsinin təkmilləşdirilməsi üçün əsas olan “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”da öz əksini tapmış rəqəmsallaşdırmaya aid fəaliyyət istiqamətləri və bu istiqamətdə görülən işlər barədə məlumat verməklə yekunlaşdırıb.

 

Xatırladaq ki, Astana Dövlət Qulluğu üzrə Regional Xab dövlət qulluğu sahəsindəki yenilikləri müzakirə etmək və qabaqcıl təcrübəni bölüşmək üçün dünyanın 43 ölkəsinin müvafiq qurumlarını birləşdirən vahid platformadır.

 
Seçilən
56
Mənbələr
Şərh ()
Bağla